Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 19-da Nepal xarici işlər naziri Arzu Rana Deuba ilə telefon danışığı aparıb.
BAKU.WS xəbər veri ki, bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi (XİN) məlumat yayıb.
Nepalın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı liderlər arasında keçirilmiş Sammitdə Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Nazirlər iki ölkə arasında son illərdə ali və yüksək səviyyəli siyasi təmasların təqdirəlayiq olduğunu bildiriblər. Nepalın Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb.
Bu il 30 illiyi qeyd olunan diplomatik münasibətlərin intensiv şəkildə inkişaf etdiyi, Nepala həyata keçirilmiş hökumət missiyasının, Xarici İşlər Nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri nəzərdən keçirilib. Eyni zamanda ölkələr arasında beynəlxalq təşkilatlarda, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.