RU

MİDA-nın "Yeni Şirvan" yaşayış kompleksində tikinti işləri davam edir

Kompleksdə 12 mərtəbəli 11 və 9 mərtəbəli 14 bina inşa olunur

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan şəhərində inşa edilən növbəti layihəsi olan "Yeni Şirvan" yaşayış kompleksinin ümumi sahəsi 8,11 hektardır.

12 mərtəbəli 11 və 9 mərtəbəli 14 bina olmaqla 25 yaşayış binasından ibarət olan yaşayış kompleksinin inşası sürətlə və keyfiyyətlə davam edir. Layihə üzrə 80 yerlik uşaq bağçasının elektrik, santexnik və fasad suvaq işlərinə başlanılmışdır. 960 şagirdlik məktəb binasının, eləcə də yaşayış binalarının daxili suvaq və bəzək, elektrik, santexnika, taxta və laminat döşəmənin vurulması, dam örtüklərinin quraşdırılması və fasadlarının rənglənməsi işlərinə başlanılmışdır. Paralel olaraq ərazidə abadlıq işləri ilə bağlı beton bordürlər düzülür,  asfalt-beton örtüyün vurulması və yaşıllıq sahələrinin salınması ilə əlaqədar hazırlıq işləri görülür.

Yaşayış kompleksində ümumilikdə 1264 mənzil olacaq. Onlardan 32-nin studiya tipli, 216-nın ikiotaqlı, 768-nin üçotaqlı, 248-nin dördotaqlı olması nəzərdə tutulur. Studiya tipli mənzillərin sahəsi təqribən 40,1, ikiotaqlı mənzillərin sahəsi təqribən 57,7, üçotaqlı mənzillərin sahəsi təqribən 72,8-76,7, dördotaqlı mənzillərin sahəsi təqribən 98,7-114,6 kvadratmetr olacaq. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin və uşaq oyun meydançalarının  istifadəyə verilməsi də nəzərdə tutulmuşdur.

Xatırladaq ki, Prezidentin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən, MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. 

"Azərbaycan"

Избранный
90
1
azerbaijan-news.az

10Источники