RU

Cəlaloğlu: Ukraynanın işğal olunan ərazilərini 99 il müddətinə Rusiyaya verəcəklər, amma...

Cəlaloğlu:

“Ukrayna-Rusiya münaqişəsinin həlli ciddi bir reallıq kimi ortaya çıxıb. Həm Qərb, həm Rusiya, həm də Ukrayna müharibənin başa çatmasında maraqlıdır. İndi söhbət ondan gedir ki, münaqişə hansı şəkildə başa çatsın. Həm tərəflər, həm də vasitəçilər buradan mümkün qədər fayda götürmək istəyirlər. Amerika vasitəçi rolundan, Rusiya işğalın nəticəsindən bəhrələnmək, Ukrayna isə itirəcəyi bir şeyi təhlükəsizlik və digər məsələdə kompensasiya etmək istəyir. Odur ki, bu, həm də ticarət məsələsidir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ukraynada müharibəyə son qoymaq üçün aparılan müzakirələrdən danışarkən deyib.

“Münaqişənin tezliklə həlli bütün tərəflər üçün vacib və zəruridir. Hazırda bu istiqamətdə ciddi addımlar atılır. Təbii ki, nə Putin, nə Zelenski, nə də Trampın dediklərinin yüzdə-yüz həyata keçməsi mümkün deyil. Ortada uzlaşdırıcı və kompromis variant olacaq. Odur ki, əsas məqam hansı tərəfin hansı məsələdə kompromisə getməsidir. Düşünürəm ki, Ukrayna tərəfi çətin ki, öz ərazilərini güzəştə getsin. Çünki Ukrayna konstitusiyası ərazilərinin güzəştə getməsinə imkan vermir. Bunun üçün əvvəlcə Ukraynanın ana yasası dəyişməlidir. Beynəlxalq hüquq isə Rusiyaya işğal etdiyi ərazilərdən bəhrələnməyə imkan vermir. Çünki beynəlxalq hüquqda işğalçıya qarşı ümumi qətnamə qəbul edilib və buna görə, işğalçı işğalın nəticələrindən bəhrələnə bilməz. Odur ki, ortada faktiki olaraq ciddi və çətin prosedurlar var”,- deyə ADP sədri əlavə edib.

Cəlaloğlunun fikrincə, Ukrayna, elə Avropa da bu məsələni Tayvan variantında həll etmək niyyətindədir. Partiya sədri xatırladıb ki, vaxtında Tayvan 100 illiyə İngiltərəyə verilmişdi: “Bu yaxınlarda müddət başa çatdı və Tayvand müstəqilləşdi. Hesab edirəm ki, həmin modeli Ukrayna torpaqlarına tətbiq etmək istəyirlər. Yəni bu ərazilərin statusu açıq qalmaq şərti ilə 99 il müddətinə Rusiyanın nəzarətində ola bilər. Eyni zamanda Ukraynanın təhlükəsizlik, NATO və Avropaya inteqrasiya tələblərinin həyata keçirilməsi mümkündür”.

ADP sədri ehtimal edir ki, bu gün ABŞ-da baş tutan danışıqlar əsasən yuxarıda qeyd edilən mövzularda gedəcək və mümkündür ki, müəyyən razılaşmalar əldə olunsun:

“Açığı, müasir dövrdə 3 il ərzində belə ağır müharibənin aparılması həm qlobal iqtisadiyyata, həm də beynəlxalq münasibətlərə ciddi təsir edib. Eyni zamanda müharibədə tərəf olan dövlətlərin heç biri bu savaşda qəti qələbə qazana bilmir. Nə Rusiya, nə də Ukrayna qalib gələ bilmədiyi üçün müharibənin dayandırılması tərəflər üçün sərfəlidir. Ümid edirəm ki, müəyyən razılaşma olacaq. Ən azından, sülh olmasa belə, atəşkəs məsələsinin həlli mümkündür”.

Y. QACAR
Reyting.az
Избранный
66
50
reyting.az

10Источники