RU

Tramp Zelenski görüşü: Vaşinqtonun şərtləri nə olacaq? KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü bu gün Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək. Bəs, bu görüşün gündəliyində hansı əsas mövzuların müzakirə ediləcəyi gözlənilir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, gündəliyin əsas istiqaməti Ukrayna müharibəsi olacaq:

“Zelenski və Tramp arasında görüşün əsas müzakirəsi heç kəsə sirr deyil. Ən böyük mövzu Ukrayna savaşıdır. Bu görüşün Trampın Alyaskada Vladimir Putinlə danışıqlarından cəmi 3 gün sonra keçirilməsi də təsadüfi deyil. Zelenskinin ilk dəfə Ağ Evə səfərində Tramp tərəfindən hörmətsizliyə məruz qalması, lakin bu dəfə ikinci dəfə dəvət alması ABŞ-ın Ukrayna ilə bağlı siyasətində müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Artıq Vaşinqton savaşın sona çatmasında israrlıdır”.

Ekspertin sözlərinə görə, Tramp müharibəni bitirməklə Nobel sülh mükafatını qazanmaq və ABŞ tarixində “əsrin ən böyük müharibəsini dayandıran prezident” kimi qalmaq niyyətindədir:

“Tramp Nobel mükafatını hansı yolla olursa-olsun əldə etmək istəyir. Onun məqsədi Rusiya-Ukrayna müharibəsini dayandıraraq tarixdə qalmaqdır”.

Abbaslı qeyd edib ki, görüşdə əsas müzakirə mövzularından biri də ABŞ-ın irəli sürdüyü şərtlər olacaq:

“Bu şərtlər arasında Krım və Donbasdan imtina məsələsi də var. Zelenski üçün bu, hakimiyyətinin ‘ölümü’ deməkdir. Tramp Ukrayna liderinə müəyyən şərtləri qəbul etməyi tələb edər. Hətta ABŞ-ın savaşdan geri çəkilə biləcəyi barədə də mesaj verilə bilər. Və ya əksinə, “silahı veririk, sona qədər döyüşün” təklifi edilə bilər”.

Siyasi şərhçi əlavə edib ki, Ukraynanın həm canlı qüvvə, həm də silah baxımından Rusiyadan geri qalması fonunda, hazırda əsas şərtləri diqtə edən tərəf Moskva olaraq qalır:

“Bu şərtlərin yaxın zamanda qəbul ediləcəyini gözləmirəm. Tramp-Zelenski görüşü də böyük ehtimalla Alyaskadakı Putin-Tramp danışıqları tipli olacaq və ciddi nəticələr doğurmayacaq”.

Aynurə İsmayıl,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
50
konkret.az

10Источники