AZ

Azərbaycan Zəngəzur dəhlizi üzrə Moskva görüşündə iştirak etməyəcək - Overçukun yanlışı...


Elşad Həsənov: “Proseslərin nəticəsi göstərir ki, Overçukla müzakirə ediləsi bir məsələ qalmayıb”

“Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılışı məsələsini müzakirə edəcəyəm”. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, görüş Rusiyada baş tutmalıdır. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu mövcuddur və bu qurum Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının 9-cu bəndinin icrası üzərində çalışır, habelə kommunikasiyaların açılması ilə bağlı bütün incə məqamları ətraflı müzakirə edib.

“Üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan məsələlərin həllində tərəflərin nə qədər irəlilədiyini bilməkdə maraqlıyıq. Bəzi nüanslar Rusiya Federasiyasının Cənubi Qafqazdakı maraqlarına, ilk növbədə, dəmir yolu kommunikasiyalarının inkişafı baxımından təsir göstərir. Ona görə də həmin nüansların tapılıb-tapılmadığını eşitməkdə çox maraqlı olacağıq”, - Overçuk əlavə edib.

Overçukda əminlik haradandır ki, Azərbaycan Rusiyada keçiriləcək görüşə qatılacaq? Son dövrlər MDB və digər çərçivələrdə keçirilən görüşlərə Rusiya ilə soyuqluqla əlaqədar Azərbaycan qatılmayıb. Üstəlik, Vaşinqton görüşündən sonra üçtərəfli bəyanatın 9-cu bəndi əhəmiyyətini itirib. Azərbaycan kommunikasiyaların açılmasını ABŞ-la həll etdi. Halbuki, ötən 5 ildə Rusiya bunu edə bilmədi. Belə olan halda Azərbaycan sonsuza qədər gözləyə bilməzdi.

“Bir sıra məsələlər həll edilib, 10 noyabr Bəyannaməsinin 9-cu bəndi əhəmiyyətini itirib”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Rusiya üzərinə düşənləri həyata keçirə bilmədi: “Bəli, 10 noyabr 2020-ci ildə əldə olunan üçtərəfli Bəyanata görə, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya FTX-si təmin etməli idi. Ancaq rəsmi İrəvan buna getmədi. Çünki Ermənistan maraqlı deyildi ki, dəhlizin təhlükəsizliyini Rusiya təmin etsin. Ermənistanı himayə edən Qərb də bunda maraqlı deyildi. Ona görə də sözügedən məsələ ABŞ-ın iştirakı ilə 8 avqustda Vaşinqtonda yoluna qoyuldu. 10 noyabrdan sonra delimitasiya və sülh sazişinin bəndləri ilə bağlı məsələləri isə Azərbaycanla Ermənistan vasitəçi olmadan, ikitərəfli qaydada yoluna qoydu. Nəticədə Qazaxın işğal altında olan 4 kəndi azad edildi, Ermənistanla sərhədin 11 kilometri delimitasiya edildi. Göründüyü kimi, bir sıra məsələlər həll edilib, 10 noyabr Bəyannaməsinin 9-cu bəndi əhəmiyyətini itirib. Overçuk isə yeni görüşdən dəm vurur. Halbuki, proseslərin nəticəsi göstərir ki, Overçukla müzakirə ediləsi bir məsələ qalmayıb. Fakt odur ki, kommunikasiyalarla bağlı Rusiya üzərinə düşən işləri görə bilmədi. Üstəlik, ötən ilin dekabrında mülki təyyarəmizin vurulması, bunu etiraf edib gərəkən tədbirləri görməmələri, daha sonra diaspor üzvlərimizə zor tətbiq etmələri Azərbaycan-Rusiya münasibətlərinin soyumasına səbəb olub. Bu səbəbdən Azərbaycan Prezidenti Rusiyada Böyük Vətən müharibəsinin bitməsinin 80 illiyinə həsr edilən tədbirə qatılmadı. Həmçinin, MDB çərçivəsində keçirilən tədbirlərə qatılmadı. O üzdən hesab edirəm ki, Overçukun qeyd etdiyi görüşdə Azərbaycan tərəfi iştirak etməyəcək. Ona görə ki, Azərbaycan beynəlxalq hüquqa hörmət etməyən Rusiya ilə məsələləri öz dilində həll edir. Azərbaycan əhalisinin sayına, ərazisinə görə Rusiyadan çox kiçik olsa da, bu gün siyasi çəkisinə görə çox yüksək yerdədir. Ona görə də kimsə bizimlə ultimativ, siyasi təzyiq dilində danışa bilməz”.

Vidadi ORDAHALLI

Seçilən
23
17
baki-xeber.com

10Mənbələr