RU

Həbsdə olan Rəqsanə özünü çətinə saldı: Azadlığı üçün iki şərt var

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova dələduzluqda ittiham olunaraq həbs edilib. Məlumata görə, o, 35 min manatlıq qızıl-zinət əşyaları və 520 min dollar pul mənimsəyib.

Belə ki, sənətçinin Moskvada həbsdə olan azərbaycanlı iş adamını azad etdirəcəyinə dair vəd verdiyi və pul alaraq heç bir addım atmadığı bildirilir. Zərərçəkən şəxsin adı isə açıqlanmayıb.

R.İsmayılova sözügedən məbləği geri qaytararsa, azad edilə bilərmi? Hazırkı ittihamlar üzrə neçə il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir? Zərərçəkən şəxsin adının gizli qalması qanuni tələbdir, yoxsa şəxsi qərar?

Referans xəbər verir ki, globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, Rəqsanə İsmayılova xüsusən külli miqdarda dələduzluq ittihamı ilə təqsirləndirilən şəxs qismində saxlanılıb və barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib:

“Dələduzluq cinayəti mülkiyyət əleyhinə cinayət olduğu üçün burada əsas məqsəd zərərçəkmiş şəxsin mənafeyinin qorunmasıdır. Müğənni özünü təqsirli hesab etmir. Onun barəsində cinayət işi üzrə icraata xitam verilməsi üçün hazırkı zamanda təqsirləndirildiyi maddədə nəzərdə tutulan məbləğ üzrə bütün zərərin ödənilməsi və dövlət büdcəsinə zərərin 50 faizi məbəğində ödənişin edilməsi zəruri şərtdir. Lakin qanunvericilik bu halda da cinayət işi üzrə icraata xitam verilməsini “Cinayət məsuliyyətindən azad edilə bilər” kimi nəzərdə tutaraq dispozitiv şərt kimi müəyyən edib.

Əlbəttə ki, cinayət işi üzrə icraata xitam verildikdə bütün qətimkan tədbirləri, o cümlədən həbs qətimkan tədbiri ləğv edilir. Sənətçi özünü təqsirli bilmədiyindən hazırda zərərin ödənilməsi də real görünmür. Hər bir halda, təqsirsizlik prezumpsiyası mövcuddur. Yəni şəxsin barəsində qanuni qüvvəyə minmiş hökm yoxdursa, o, təqsirsiz hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin (CPM) tələblərinə görə apellyasiya məhkəməsinin qərarı elan edildikdən dərhal sonra hökm qanuni qüvvəyə minir”.

Vəkil bildirib ki, R.İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli hesab edilərsə, 10-14 il müddəti aralığında azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər:

“Hazırda iş istintaq mərhələsindədir. İstintaq sirrinin yayılması CPM-nin 222.1-ci maddəsinin tələbləri baxımından yol verilməzdir. Həmçinin CPM-nin 222.4-cü maddəsinin tələblərinə əsasən müstəntiq və təhqiqatçı istintaq sirrinin yayılmasının yolverilməzliyi barədə cinayət prosesinin iştirakçılarına xəbərdarlıq edir. Həmin xəbərdarlığın şərtlərini pozan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Yəni hazırkı məqamda zərərçəkmiş şəxsin adının açıqlanması istintaqın maraqları baxımından yolverilməzdir”.
Избранный
52
50
referans.az

10Источники