Körpə ölümlərinin ən çox rast gəlinən səbəblərindən biri də yay aylarında uşaqlar arasında geniş yayılan ishal və bağırsaq infeksiyalarıdır.
Yenisabah.az xəbər verir ki, qida və su vasitəsilə keçən bu xəstəliklər xüsusilə isti aylarda sürətlə yayılır və vaxtında tədbir görülmədikdə ciddi fəsadlara, hətta körpə ölümlərinə gətirib çıxara bilir.
Uşaqlarda ishal zamanı tez-tez susuzlaşma problemi yaranır. Bədəndə maye itkisi artır, elektrolit balansı pozulur və bu hal qısa müddətdə həyati təhlükə yaradır. Pediatrların sözlərinə görə, ishal uşaqlarda körpə ölümlərinin üçüncü ən çox rast gəlinən səbəbi sayılır. pizza
Həkimlər valideynlərə xəbərdarlıq edirr ki, yay mövsümündə uşaqların qidalanmasına xüsusi diqqət yetirilməlidir. Çirkli su, düzgün saxlanılmayan yeməklər və gigiyena qaydalarına əməl olunmaması bağırsaq infeksiyalarını sürətlə artırır. Xüsusən 0–5 yaş arası körpələr risk qrupuna daxildir.
Mütəxəssislər valideynlərə aşağıdakı məsləhətləri verir:
Uşaqlara təmiz su içirilməli və qida gigiyenasına riayət olunmalıdır.
Çöldə satılan, günəş altında qalmış yeməklər uşaqlara verilməməlidir.
İshal əlamətləri başlayan kimi vaxt itirmədən həkimə müraciət olunmalıdır.
Körpələrdə su itkisini qarşısını almaq üçün maye qəbulu artırılmalıdır.
Həkimlərin vurğuladığı kimi, vaxtında atılan addımlar uşaqları həm təhlükəli fəsadlardan, həm də ölüm riskindən qoruya bilər.
Aytac Əliyeva
Telegram kanalımız