RU

Azərbaycan həmişə reginda kənar qüvvələrin hərbi formada iştiraknı qəbuledilməz sayıb -ANALİTİK

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran transregional aktorların Cənubi Qafqazda, xüsusən də Ermənistanda mövcudluğuna və bölgəyə müdaxiləsinə həssas yanaşır və bu mövqeyini açıq şəkildə bəyan edib.
Diplomat qeyd edib ki, ABŞ-la əməkdaşlıq mövzusu gündəmə gəlsə də, Ermənistan rəsmiləri İranı əmin ediblər ki, söhbət yalnız Ermənistanda qeydiyyatdan keçmiş şirkət çərçivəsində tərəfdaşlıqdan gedir:
“İmzalanan bəyanatda milli suverenliyin və ərazi bütövlüyünün qorunub saxlanılması, sərhədlərin toxunulmazlığı xüsusi vurğulanıb”, – deyə Bəqayi bildirib.
Onun sözlərinə görə, İran üçün mühüm məqamlardan biri regionda yeni kommunikasiya yollarının, o cümlədən Ermənistanın cənubundan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu xəttinin beynəlxalq səviyyədə tanınmış sərhədləri pozmadan və Ermənistanın suverenliyinə zidd olmadan həyata keçirilməsidir.
Bəqayi həmçinin vurğulayıb ki, Tehran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir:
“Azərbaycan və Ermənistan tərəfindən bəyanatın imzalanması iki ölkənin suveren qərarı idi. Biz keçmişdə olduğu kimi, bu dəfə də Cənubi Qafqazda davamlı təhlükəsizlik və sabitliyə yol açacaq sülh sazişinin ratifikasiyasını dəstəkləyirik”.
İran XİN sözçüsü əlavə edib ki, region ölkələri arasında kommunikasiya marşrutlarının yaradılması geosiyasi dəyişikliklərə səbəb olmamalıdır:
“Biz belə layihələri dəstəkləyirik, amma hesab edirik ki, onlar yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunması və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipi əsasında həyata keçirilməlidir”.
Tehran rəsmisi xarici hərbi qüvvələrin bölgədə mövcudluğunu faydasız hesab etdiklərini də xüsusi vurğulayıb:
“Xarici qüvvələrin mövcudluğunu faydalı saymırıq və narahatlığımızı açıq şəkildə ifadə etmişik. Bizi əmin ediblər ki, bölgəyə heç bir formada hərbi qüvvələr yerləşdirilməyəcək. Sülh sazişinin əsas müddəalarından biri də iki ölkənin sərhədləri boyunca üçüncü tərəfin hərbi qüvvələrinin yerləşdirilməməsidir. Biz hadisələrin gedişatını diqqətlə izləyirik və həm Bakı, həm də İrəvanla sıx təmas saxlayırıq”.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a bildirib ki,  xarici qüvvələrin bölgədə mövcudluğunun əleyhinə olan əsas dövlət elə Azərbaycanın özüdür:

"Yəni biz heç vaxt öz ərazimizdə hər hansı bir dövlətin hərbi bazasının və ya hər hansı formada iştirakının olmasına razılıq göstərməmişik. Belə bir hal Azərbaycanda heç zaman mümkün olmayıb. Bizim ərazimizdən kiminsə qarşı tərəfə istifadə etməsi kimi hallar da baş verməyib. Bunu ən yaxşı bilən dövlətlərdən biri də İrandır. Təəssüf ki, onlar bu məsələyə çox vaxt səssiz yanaşırlar. Əksinə, İranda müəyyən dairələr bu məsələlərdə Azərbaycana qarşı davranış nümayiş etdirirlər. Amma bölgəyə xarici qüvvələri gətirən, təhlükə, problem və gərginlik yaradan əsas dövlət Ermənistandır. Məsələn, Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası yerləşir. Ermənistan eyni zamanda ABŞ-la təlimlər keçirir və amerikalı hərbçiləri bölgəyə gətirmək niyyətindədir. Üstəlik, Avropa İttifaqının monitorinq qrupu adı altında köhnə casusları, keçmiş polis əməkdaşlarını ölkəsinə yerləşdirib. Problem də məhz Ermənistandadır".

Şərhçi vurğulayıb ki, Azərbaycan həmişə bəyan edib ki, kənar qüvvələrin Cənubi Qafqazda hərbi formada iştirakı qəbuledilməzdir:
"İranın da bu mövzuda verdiyi bəyanatları bizdən sonra səslənsə də, müsbət qiymətləndirmək olar. Əgər İran həqiqətən Azərbaycanın bu mövqeyini bölüşürsə, o zaman Ermənistana qarşı da münasibət göstərməli, onun başqa ölkələrin hərbi qüvvələrini ölkəsinə gətirmək fəaliyyətlərinin əleyhinə çıxmalıdır".
Избранный
34
50
sherg.az

10Источники