RU

Nazirlik rəsmisi: Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur

Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova qan donorluğu ilə bağlı müsahibə verib.

Operativ Media müsahibəni təqdim edir:

- Qan donorluğundan kənarlaşdırmaya səbəb olan hallara nələr daxildir?

- Qan donorluğu həm tibbi, həm də sosial baxımdan son dərəcə önəmli prosesdir. Donor olmaq insan sağlamlığını dəstəkləməklə yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesin təhlükəsizliyi müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir. Elə bu baxımdan, donorların daimi və ya müvəqqəti şəkildə qanvermədən kənarlaşdırılması beynəlxalq standartlara əsasən həyata keçirilir.

Daimi kənarlaşdırma halları arasında İİV (QİÇS), sifilis, hepatit B və C kimi yoluxucu xəstəliklər, bəzi onkoloji və irsi qan xəstəlikləri, şəkərli diabetin insulinə bağlı forması, ağır ürək-damar, qaraciyər, böyrək və sinir sistemi xəstəlikləri yer alır. Bu kimi göstərişlər olduqda, donorluğa icazə verilmir.

- Hansı hallarda donorlar müvəqqəti olaraq qanvermədən uzaqlaşdırılır və bu müddət nə qədər davam edir?

- Bəzi hallarda donorlar sağlamlıq göstəricilərinə görə müvəqqəti olaraq qanvermədən uzaqlaşdırılırlar. Kəskin respirator xəstəliklərdə bu müddət adətən 2–4 həftə olur. Canlı vaksinlərdən sonra donor 48 saatdan 4 həftəyədək gözləməlidir. Cərrahi əməliyyatlardan sonra bu müddət 1 ilə qədər davam edir. Doğuşdan sonra qadınlar üçün təqribən 12 aylıq fasilə tövsiyə olunur.

Malyariya riski olan ölkəyə səfər etmiş şəxslər üçün kənarlaşdırma 1–3 il, əvvəlki il ərzində qan və ya qan komponenti qəbul etmiş donorlar üçün isə ən az 12 ay davam edir. Məqsəd donorun tam sağlam vəziyyətdə yenidən qanverməyə qayıtmasını təmin etməkdir.

- Qanvermə orqanizmdə hansı fizioloji dəyişikliklərə səbəb olur?

- Donor bir qanvermə zamanı orqanizmdəki ümumi qan həcminin təqribən 8–10%-ni verir. Bu, təhlükəsiz olmaqla yanaşı bədəndə regenerasiya proseslərini sürətləndirir.

Qan hüceyrələrinin yenilənməsi sümük iliyinin aktivləşməsi ilə nəticələnir, immun sistem güclənir, plazma tərkibi təzələnir, toksinlərin xaric olunması sürətlənir. Bundan başqa, dəmir mübadiləsinin normallaşması sayəsində ürək-damar sisteminin yüklənməsi azalır.

- Qanvermə zamanı və sonra donorun vəziyyəti ilə bağlı hansı xoşagəlməz hallar müşahidə edilə bilər?

- Qanvermə prosesi ümumiyyətlə təhlükəsizdir. Bəzən donorlar əməliyyatdan sonra yüngül başgicəllənmə, zəiflik, ürəkbulanma hiss edə bilərlər, lakin bu hallar qısa müddət ərzində keçib gedir. Bunun qarşısını almaq üçün donor qanvermədən əvvəl düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidir, qan verdikdən sonra isə 10–15 dəqiqə istirahət etməlidir.

Səhiyyə Nazirliyinin Respublika Qan Bankında bu təcrübələr peşəkar heyətin nəzarəti ilə həyata keçirilir.

- Qanvermənin ürək-damar və maddələr mübadiləsinə təsiri nədən ibarətdir?

- Qanvermə qan viskozluğunu azaldaraq damarlar üzrə dövranı yaxşılaşdırır, hipertoniya və damar tıxanıqlığı riskini azaldır. Bundan əlavə, artıq dəmirin orqanizmdən çıxarılması oksidativ stresin qarşısını alır, beləliklə infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır. Metabolik proseslərin normallaşması nəticəsində piylənmə və tip 2 diabetin yaranma riski də azalır.

- Qanvermə ürək-damar və maddələr mübadiləsi sistemlərinə hansı müsbət təsirləri göstərir?

- Donorluq qan qatılaşmasını azaldır, damar sistemində dövranı yüngülləşdirir, habelə qanın damar divarlarına göstərdiyi təzyiqi zəiflədir. Bu isə, öz növbəsində, hipertoniya və damar tıxanıqlığı riskini azaldır.

Elmi tədqiqatlar göstərir ki, müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur. Bundan əlavə, orqanizmdə artıq dəmir yığıldıqda, oksidativ stres yaranır. Bu da ürək-damar sisteminə zərər verir. Qanvermə bu artıqlığın qarşısını alaraq damar sağlamlığını qoruyur. Maddələr mübadiləsinin normallaşması sayəsində piylənmə və tip 2 diabetin yaranma riski də azalır.

- Qanverən şəxslər üçün prosesin psixoloji üstünlükləri varmı?

- Donorun həyat xilas etdiyini bilməsi ona mənəvi rahatlıq, özünəinam və sosial faydalılıq hissi verir. Bu isə stresin azalmasına, psixoloji rifahın yüksəlməsinə səbəb olur. Ümumilikdə qan donorluğu cəmiyyətin sağlamlıq sabitliyinin qorunmasında mühüm rol oynayır. Təcili əməliyyatlar, doğuşlar, yol qəzası qurbanları, onkoloji və irsi qan xəstəlikləri olan şəxslər üçün qan həyati əhəmiyyət daşıyır.

Qan ehtiyatının sabit olması Səhiyyə Nazirliyinə fövqəladə hallarda operativ qərar qəbul etməsi üçün daha geniş imkanlar açır.

Избранный
72
50
operativmedia.az

10Источники