RU

Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!

Bakıda bir qrup xarici vətəndaş Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib. Hadisə ilə bağlı sosial şəbəkələrdə video da yayılıb. Həmin əcnəbilər artıq polis tərəfindən saxlanılıb və hazırda araşdırma aparılır. Onların davranışlarına hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Arzuxan Əlizadə bildirib ki, Şəhidlər xiyabanında baş verən bu iyrənc və qeyri-etik hərəkətləri edənlərin ərəblər olduğu güman olunur. Deputatın  sözlərinə görə, kimliyindən asılı olmayaraq, əgər Azərbaycana gəliblərsə, bu dövlətin qanunlarına riayət etməli, xalqımıza və dəyərlərimizə ehtiram göstərməlidirlər:

“Şəhidlərimizə qarşı edilən bu hörmətsizlik əslində bütün Azərbaycan xalqına və dövlətinə qarşı yönəlmiş sayğısızlıqdır. Belə hallara qarşı ən sərt tədbirlər görülməli, həmin şəxslər Azərbaycan qanunvericiliyi çərçivəsində ciddi şəkildə cəzalandırılmalı, həmçinin onların ölkə ərazisinə gələcəkdə daxil olması ömürlük qadağan edilməlidir.

Azərbaycana gələn hər bir əcnəbi vətəndaş bilməlidir ki, bu ölkədə xalqımızın dərin ehtiram göstərdiyi məkanlara, ümumilikdə isə milli-mənəvi dəyərlərə hörmət göstərmək məcburiyyətindədir. Əgər kimsə bu qaydalara riayət etmirsə, milliyyətindən və mənsubiyyətindən asılı olmayaraq, mütləq şəkildə cəzalandırılmalıdır. Bu təkcə bir tədbir yox, həm də başqalarına dərs və xəbərdarlıq olmalıdır”.

Deputat əlavə edib ki, son dövrlərdə müxtəlif ölkələrdən, xüsusən də bəzi ərəb ölkələrindən gələn turistlərlə bağlı qeyri-etik davranışlara dair narahatedici hallar müşahidə olunur:

“Belə halların qarşısı qətiyyətlə alınmalı, bu tip şəxslər ümumiyyətlə ölkəyə buraxılmamalıdır. Eyni zamanda, bu davranışlara yol verənlərin vətəndaşı olduqları ölkələrə rəsmi şəkildə ciddi xəbərdarlıq edilməli, Azərbaycana xas olan etik davranış qaydaları onlara çatdırılmalıdır”.

“Mövqeyimiz birmənalıdır: kimliyindən asılı olmayaraq, Azərbaycan qanunlarına hörmətsizlik edən hər kəs qanun qarşısında cavab verməli, bu ölkəyə bir daha ayaq basmamalıdır!”,- deyə A.Əlizadə bildirib.

Избранный
54
50
modern.az

10Источники