"Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar".
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Azərbaycan Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir. 2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Bu sərəncam Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.
Azərbaycan Respublikasında dövlətin hüquqi əsaslarını, idarəetmə formasını və vətəndaşlarının hüquq və azadlıqlarını müəyyən edən əsas sənəd konstitusiyadır və qanunvericilik sisteminin əsası olub ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. İttifaq dövründə, 1978-ci il aprelin 21-də qəbul edilmiş Əsas Qanunumuz da əvvəlkilər kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
1990-cı illərin əvvəllərində SSRİ-dən miras qalmış hüquq sistemi və qanunvericilik bazası hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə lazımi təminat vermirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi və ilk növbədə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi artıq zərurət idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Aktda yeni konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə mövcud xaos və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda vahid siyasi iradənin olmaması, dövlət müstəqilliyi üçün təhdidlərin mövcudluğu bu mühüm vəzifənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün olmuşdur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalardan ibarət olmaqla 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb. 1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində - referendumda bir sıra əhəmiyyətli əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının mətninə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla edilmiş əlavə və dəyişikliklər hüquq sisteminin təkmilləşdirilməsinə xidmət edib, eyni zamanda Əsas Qanunun mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnib. Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər demokratik prinsip və dəyərlərin bərqərar olmasının, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təminatına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür. Konstitusiya islahatları hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin daha da möhkəmlənməsi, demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması məqsədlərinə xidmət edir.
Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi olaraq təsbit edir.
Konstitusiya suverenliyin hüquqi zəmanətidir. O, dövlətin əsas dəyərlərini qoruyur, müstəqilliyini və bütövlüyünü təsdiqləyir. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, dövlətin suverenliyi və ərazi bütövlüyü toxunulmazdır. Bu, milli maraqların və dövlətin müstəqil mövcudluğunun əsas təminatıdır. Suveren dövlət öz ərazisində ali hakimiyyətə malikdir və beynəlxalq münasibətlərdə beynəlxalq qərarlar qəbul edir. Suverenliyin mövcudluğu, əsasən Konstitusiya ilə təmin olunur. Bu iki anlayış - konstitusiya və suverenlik, bir-biri ilə sıx bağlı olub, dövlətin hüquqi və siyasi varlığının təməlini təşkil edir. Konstitusiyada dövlətin suveren olması açıq şəkildə qeyd edilir və onun müdafiəsi üçün hüquqi çərçivələr müəyyənləşdirilir.
Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi isə tarixi torpaqlarımızın işğaldan azad edilməsi oldu. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri Azərbaycanın üzləşdiyi 30 illik işğala son qoymaqla yanaşı, ərazi bütövlüyünün, suverenliyin və konstitusiya quruluşunun tam təsbiti ilə yekunlaşdı. 200 illik məkrli və qanlı tarixə malik erməni separatizmini də "dəmir yumruq" birdəfəlik məhv etdi.
Bu qələbə, təkcə hərbi deyil, hüquqi və siyasi baxımdan da Azərbaycan dövlətçiliyinin, konstitusiyasının və xalqın suverenliyinin bərpası oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət bu sahədə mühüm dönüş nöqtəsinə çevrildi.
Prezident İlham Əliyev həm müharıbə dövründə, həm də ondan sonra apardığı uğurlu diplomatik fəaliyyətlə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri - Füzuli, Şuşa, Zəngilan və digər bölgələrdə tikilən yollar, hava limanları, məktəblər, xəstəxanalar - Azərbaycanın suveren dövlət kimi öz torpaqlarına sahib çıxmasının bariz nümunəsidir. Bu, konstitusiyanın və dövlətçiliyin real həyata keçməsidir.
Eyni zamanda Azərbaycan Konstitusiyasına uyğun olaraq, vətəndaşların azad yaşayış hüququ işğaldan azad edilmiş bölgələrdə "Böyük Qayıdış" layıhəsi ilə təmin edilir. Bu da göstərir ki, suverenlik təkcə siyasi deyil, həm də sosial və hüquqi cəhətdən həyata keçirilən geniş prosesdir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlət rəhbərimizin qüdrətli liderliyi, yüksək siyasi və diplomatik məharəti, mükəmməl idarəçiliyi güclü dövlət konsepsiyasının uğurla reallaşmasını təmin etdi. Azərbaycanın effektiv daxili və xarici siyasəti, sosial, iqtisadi, hüquqi, mədəni və digər sahələrdə, həmçinin demokratik dövlət və sivil vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətlər də bu prosesə mühüm töhfə oldu. Bu komponentlər Azərbaycanı regionun lider ölkəsinə çevirməklə yanaşı, ona beynəlxalq miqyasda böyük nüfuz qazandırdı.
İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan əsgəri 2020-ci ilin 27 sentyabrından noyabrın 9-dək Zəfər yürüşü ilə torpaqlarımızı 30 illik işğaldan azad etdi. 2023-cü ilin sentyabrında uğurla, peşəkarlıqla həyata keçirilmiş birgünlük antiterror əməliyyatı isə daxilimizdəki separatizmə birdəfəlik son qoymaqla suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasını tam təmin etdi.
Turanə QASIMZADƏ,
Sevil ALLAHVERDİYEVA,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparıcı məsləhətçiləri