AZ

Azərbaycanın hüquqi və dövlətçilik inkişafı

Konstitusiya və Suverenlik ili

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlıdır.

Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmişdir. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur. Azərbaycan Respublikasının Konstitusiyası – dövlətin əsas qanunu olaraq – hüquqi sistemin təməlini təşkil edir. Belə ki, Konstitusiyada qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqları, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü kimi əsas prinsipləri təsbit edilir. Bu sənəd ölkədə hüquq sisteminin təməlini qoymuş və Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun inkişafını təmin etmişdir. “Konstitusiya və Suverenlik ili” Azərbaycan dövlətçiliyinin əsaslarını möhkəmləndirmək, hüquqi sistemin daha da təkmilləşdirilməsi və ölkənin müstəqillik yolunda qazandığı uğurları vurğulamaq məqsədini daşıyır.

Konstitusiyanın hüquq sistemində ali hüquqi qüvvəyə malik olması, onun digər normativ hüquqi aktlar üzərində üstünlüyünü təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, qanunvericilik və icra hakimiyyəti orqanlarının qəbul etdiyi bütün normativ hüquqi aktlar Konstitusiyaya uyğun olmalıdır. Bu prinsip hüquqi sabitliyin və normativ sistemin daxili harmoniyasının əsas təminatıdır. Konstitusiya yalnız hüquqi çərçivə yaratmaqla kifayətlənmir, o, həm də normativ legitimlik və qanunvericilik iyerarxiyasının müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını tanımaqla kifayətlənmir, eyni zamanda onların təminat sistemini də müəyyənləşdirir. Konstitusiyanın III fəsli bu hüquq və azadlıqların geniş aspektini ehtiva edir. Onların reallaşdırılması üçün Konstitusiya hüquqi müstəvidə dövlətin pozitiv öhdəliklərini müəyyən edir. Bu da onu göstərir ki, Konstitusiya yalnız nomativ çərçivə deyil, həm də hüquqi müdafiənin fəal vasitəsi olmaqla, eyni zamanda, beynəlxalq hüquq normalarının milli hüquq sisteminə inteqrasiyasını təmin edən vasitə kimi çıxış edir. Bu, Azərbaycanın hüquqi sistemində insan hüquqlarının universal və regional standartlara uzlaşdırılmasına şərait yaradır. Ümummilli lider Heydər Əliyev öz çıxışında qeyd etmişdir ki, Konstitusiya dövlətlə, hakimiyyətlə, xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan öz suverenliyini bərpa etdi. Bu müstəqillik xalqın iradəsinə, milli kimliyinə və tarixi ədalətə əsaslanır.

Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirilmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparmış, insanlıq əleyhinə cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Ermənistan qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlamışdır. Bu antiterror əməliyyatı cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.

Bu gün Azərbaycan regional və qlobal səviyyədə söz sahibi olan bir dövlətdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən zəfər “dəmir yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini bir daha sübut etdi. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq”. Azərbaycanın müstəqilliyi əbədidir, çünki onun arxasında xalqın iradəsi, qanı, canı bahasına qorunan torpaqlar və güclü dövlətçilik ənənəsi dayanır.

19 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamaqla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Bu addımla Azərbaycanın müasir tarixində daha bir şərəfli günün qeyd olunmasına səbəb olmuşdur. Suverenlik dövlətin daxili və xarici işlərdə müstəqilliyini və tam səlahiyyətə malik olmasını təmin edən fundamental prinsipdir. Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində suverenliyi bərpa edərək müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır. Bu il ərzində dövlət suverenliyinin qorunması və inkişaf strategiyasının hazırlanması, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini vurğulayan maarifləndirmə tədbirləri təşkil ediləcəkdir. Bu il təkcə tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda, Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün bir fürsətdir.

Konstitusiya hər bir müasir dövlətin hüquqi strukturunda normativ nüvəni təşkil edir. Azərbaycanın dövlət quruculuğu prosesində Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də siyasi legitimliyin, hüquqi sabitliyin və milli suverenliyin əsas sütunu kimi çıxış edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu sənədin hüquqi, siyasi və sosial aspektlərinin yenidən dəyərləndirilməsi, konstitusional düşüncənin dərinləşdirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan, Konstitusiyanın elmi tədqiqi və tətbiqinin təkmilləşdirilməsi hüquqi dövlətin davamlı inkişafına xidmət edən əsas şərtlərdən biri kimi çıxış edir.

2024-cü ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkənin hüquqi əsaslarının, milli dövlətçiliyin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu il Konstitusiyanın dövlət idarəçiliyindəki rolunun daha dərindən təhlil olunması və ictimai şüurda onun yerinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyyət daşıyır.

Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm tövfə verəcəkdir.

Taleh OSMANOV,
Xocavənd rayon prokuroru, baş ədliyyə müşaviri

Seçilən
56
1
xalqqazeti.az

2Mənbələr