RU

Putin-Tramp görüşünə aid gizli sənədlər Ankoric hotelində TAPILDI

Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşü ilə bağlı Dövlət Departamentinə aid olduğu iddia edilən sənədlər Alyaskanın Ankoric şəhərindəki hoteldə aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ Milli İctimai Radiosu (NPR) yayıb.

Məlumata görə, Dövlət Departamentinin Protokol İdarəsinin qeydləri olan səkkiz səhifəlik sənədlər “Captain Cook” hotelində qonaqlar tərəfindən ictimai istifadə üçün nəzərdə tutulmuş printerlərdən birində tapılıb.

NPR qeyd edir ki, bu, “Tramp administrasiyası rəsmilərinin təhlükəsizlik standartlarına əməl etməməsinin daha bir nümunəsi”dir.

Sənədlərdə sammitin iddia edilən cədvəli və Rusiya ilə ABŞ nümayəndə heyətlərinin məhdud və geniş formatda keçirilən görüşlərdəki tərkibi yer alıb. Rusiya nümayəndə heyətinin üzvlərinin adları isə düzgün tələffüz izahatları ilə təqdim olunub.

Həmçinin sənədlərdə Vladimir Putinin şərəfinə planlaşdırılan şam yeməyi üçün oturacaq yerləri və menyu göstərilib.

Qeyd edək ki, avqustun 15-də Vladimir Putin və Donald Tramp Alyaskadakı "Elmendorf-Riçardson" Hərbi Hava Qüvvələri bazasında görüşüblər. Görüş üç saata yaxın davam edib. Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak edib.

Danışıqlardan sonra mətbuata açıqlama verən Putin bildirib ki, sammitin əsas mövzusu Ukrayna münaqişəsinin həllidir. Rusiya lideri həmçinin ikitərəfli münasibətlərdə səhifəni çevirməyə və əməkdaşlığa qayıtmağa çağırıb, Trampı Moskvaya dəvət edib. ABŞ prezidenti isə danışıqlarda əldə olunan irəliləyişləri açıqlayıb.

Bizim.Media

Избранный
107
43
bizim.media

10Источники