RU

10 noyabr sənədinin qüvvədən salınması üçün Bakı-İrəvan bəyannaməsi imzalana bilər...


Azər Həsrət: “Üçtərəfli bəyanatdan irəli gələn məsələlər faktiki olaraq qüvvəsini itirib”

Məlum olduğu kimi, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizi (Tramp yolu) ilə maneəsiz əlaqə yaranacaq.

O cümlədən, Zəngəzur dəhlizinin ABŞ şirkətinə icarəyə verilməsi ilə bağlı razılıq əldə edilib. Bu isə o deməkdir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanata ehtiyac qalmayıb. Xüsusən də onun 9-cu bəndinə. Hansı ki, orada dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi öz əksini tapmışdı.

Bütün bunların fonunda, 10 noyabr sənədinin qüvvədən salınması ilə bağlı Azərbaycan-Ermənistan birgə bəyannaməsi imzalana bilər?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrət prinsipcə, bunu istisna etmədi: “Zatən 8 avqustda Vaşinqtonda Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı əldə edilən razılaşmadan sonra bu zərurəti dilə gətirmişdim. Qeyd etmişdim ki, artıq ümumiyyətlə, üçtərəfli bəyanat öldü. Yəni Rusiya həmin bəyanatda vasitəçi idi. Ermənistanla Azərbaycan arasında münasibətlərin çözümündə iştirakına davam etməli idi. Bundan başqa, kommunikasiyaların açılması məsələsində də Rusiyanın bir rolu qalmalı idi. Xüsusən də Zəngəzur dəhlizi məsələsində. Artıq Birləşmiş Ştatlarla belə bir anlaşma imzalandığı və Ermənistan faktiki olaraq Rusiyanın prosesdən kənarlaşdırdı. Bunu Ermənistan edə bilərmi? Əlbəttə edə bilər. Çünki öz suveren ərazisində nəyi necə etmək Ermənistanın öz işidir. Üçüncü bir dövlət ora qarışa bilməz. Hələ Ermənistanla quru sərhədi olmayan Rusiya ümumiyyətlə, qarışa bilməz. Ona görə də üçtərəfli bəyanatdan irəli gələn məsələlər faktiki olaraq qüvvəsini itirib. Bunu nəzərə alaraq hesab edirəm ki, Azərbaycanla Ermənistan ortaq bəyanatla çıxış edərək 10 noyabr üçtərəfli bəyanatın qüvvədən düşdüyünü elan etməlidir. Yəni hər iki tərəf – həm Azərbaycan, həm Ermənistan artıq o bəyanatdan irəli gələn hər hansı öhdəliyin qalmadığını elan etməli və prosesdən Rusiyanı kənarlaşdırmalıdır. Çünki biz bütün mərhələlərdə Rusiyanı prosesin içində görəndə nəticələr fəlakətli olub. Qarşıdurmalar olub, qanlar axıb, silahlar işə düşüb. İndi görürük ki, xeyli müddətdir Rusiya prosesdən kənarlaşdırılıb. Atəşkəs pozulmur, tərəflər bir biri ilə silah gücü ilə danışmır və hər şey masa ətrafında həll edilir. Bu isə o deməkdir ki, Rusiyanın olmayacağı format sülhü daha da yaxınlaşdıracaq. Söhbət qalıcı, davamlı sülhdən gedir. Ona görə də üçtərəfli bəyanatın artıq qüvvədən düşdüyü elan edilməlidir. Yaxud da elan edilməlidir ki, o bəyanatın nəzərdə tutduğu müddəalara heç bir zərurət qalmadığına görə, tərəflər bunun hər hansı öhdəlik yaratmadığı qənaətinə gəliblər. Bununla əlaqədar Rusiya prosesdən kənarlaşdırılır”.

Vidadi ORDAHALLI

Избранный
90
50
baki-xeber.com

10Источники