RU

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yaranan problemlər aradan qaldırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda aparılan təmir işləri davam etdirilir.

Agentlikdən Avtosfer.az-a bildirilib ki, əsaslı təmir işləri M2 magistralının 15-117 kilometrlik hissəsini əhatə edir. Sözügedən hissədə yol geyimində çökmələr əmələ gəlib, istismar üçün yararsız vəziyyətə düşüb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Aparılan təmir işləri ilə sözügedən problemlər artıq aradan qaldırılır.

Hazırda təmir işləri yolun 97,7-ci kilometrindən 104,5-ci kilometrinədək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilib.

Texnoloji ardıcıllığa uyğun olaraq, hazırda yola yeni asfalt-beton örtüyünün hamarlayıcı qatının tikintisi işləri görülür. Layihənin sonuncu mərhələsində asfalt-beton örtüyünün aşınma qatının döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

 

FOTO QALEREYA
Избранный
106
14
avtosfer.az

10Источники