Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi Azərbaycan Tibb Universitetində də təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb.
Qeyd olunub ki, təhsil haqqı tibb ixtisası üzrə 6500 manat, stomatologiya 6000 manat, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üzrə isə 5000 manat olaraq dəyişdirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda həkim olmaq istəyənlərin sayı azalır - RƏSMİ STATİSTİKA
Xatırladaq ki, ötən il təhsil haqqı tibb ixtisası üzrə 4500 manat, stomatologiya üzrə 4000 manat, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üzrə isə 4000 manat olub.
Göründüyü kimi təhsil haqqı 40-50 faiz artıb. Bu artım təhsilin keyfiyyətinə təsir edəcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev deyib ki, tibb təhsili bütün dünyada bahadır:
“Ona görə də dünya ölkələri ilə müqayisədə bu rəqəm o qədər də böyük deyil. Amma azərbaycanlı reallığı var. Hesab edin ki, bundan sonra həkim olmaq istəyən şəxs 6 il ərzində 39 min manatından keçməlidir. Digər xərcləri də nəzərə alsaq, diplom ortalama 80-100 min manata başa gələcək. Ödənişsiz oxumaq istəyənlərsə 650+ bal toplamalıdır.
Amma bir məsələ var ki, ödənişlə oxuyanların əksəriyyəti zəngin ailələrdən olmur. Ona görə valideynlər bu qədər xərci qarşılamaq üçün xeyli əziyyət çəkəcəklər.
Bundan əlavə, əgər bu qədər xərcdən sonra məzunlar yenə də diplomların götürüb xaricə qaçacaqsa, bu təhsil haqqı mənə böyük görünür. Əgər təhsil haqqında bu qədər fərq varsa təhsildə də fərq olmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media