RU

“Atamla birlikdə anam və bacımı, silahlarımızı alaraq dağa çıxdıq” – Mühacir mühəndisin HƏYAT HEKAYƏSİ

BAKI, 13 avqust. TELEQRAF

Ötən əsrdə Cənubi Qafqazdan Türkiyəyə köçən şəxslər arasında Mirzə Əlirza Əlizadə də olub. Vikipediya açıq ensiklopediyasındakı məlumata görə, o, 1875-ci ildə Borçalı qəzasının Faxralı kəndində doğulub. 1890–1895-ci illərdə Qori seminariyasında oxuyub. 1895-ci il sentyabrın 6-dan 1899-cu ilin yayına qədər Telavi-Qaracalar məktəbində müəllim işləyib, sonra Borçalı qəzası barışdırıcı münsifi yanında tərcüməçi, 1917–1918-ci illərdə Borçalı qəza komissarı Əbdürrəhim bəy Haqverdiyevin yardımçısı, 1918–1919-cu tədris ilində Tiflisdəki Puşkin adına Azərbaycan şəhər məktəbinin müdiri işləyib. Müstəqil gürcü hökuməti dövründə Azərbaycan xalq məktəbləri inspektoru vəzifəsində çalışıb. O, Gürcüstandakı türk məktəblərinin tədris planını da hazırlayıb.

Gürcüstanın sovetləşməsindən sonra Mirzə Əlirza 1921–1931-ci illərdə Maarif Komissarlığında Azərbaycan məktəbləri üzrə baş təlimatçı işləyib, eyni zamanda Borçalıda müəllimliklə məşğul olub. Gülsüm xanımla evliliyindən iki övladı olub. Aktiv fəaliyyətində görə 1930-cu illərdə təqib olunub, nəticədə 1934-cü ildə oğlu Hidayət və qızı Səltənətlə birlikdə Türkiyəyə mühacirət edib. 1942-ci ildə orada vəfat edib.

Mühəndis Hidayət Turanlı

Mirzə Əlirzanın oğlu Hidayət bəy 1908-ci ildə Tiflisdə doğulub. Tiflisdə mühəndislik məktəbini bitirib. Atası ilə birlikdə Türkiyəyə gəldikdən sonra ilk işi Tiflisdə aldığı diplomu tanıtmaq olub. 10 sentyabr 1935-ci ildə Hidayət Əlirza oğlu adı ilə Xarici İşlər Nazirliyinə yazdığı ərizəsində təhsili ilə bağlı bu məlumatları verib: “Bəndəniz azərbaycanlıyam, lisey təhsilimi bitirdikdən sonra ali təhsilimə 1925-ci ildə başladım, 1931-ci ildə Tiflisdə “Mavəreyi-Qafqaz Yol Mühəndisliyi İnstitutunda başa vurdum. Dörd il Tiflisdə müxtəlif işlərdə mühəndis kimi çalışdıqdan sonra 1934-cü ilin oktyabrında valideynlərimlə birgə Türkiyəyə mühacirət etdim. Türkiyəyə gələn kimi Ali Mühəndis Məktəbi nəzdində təşəbbüs göstərərək əlimdəki sənədləri təqdim etdim və bunların tədqiq edilərək nəzdimə mühəndislik rüxsətinin verilməsini dilədim. Təəssüf ki, bu vəsiqələri aylarla tədqiqdən sonra Ali Mühəndislik Məktəbi ikmal etdiyim Tiflis şəhərindəki mühəndislik institutunun ali məktəb olmadığı iddiası ilə müracətimi rədd edərək mənə Türkiyədə mühəndis ünvanı ilə çalışmaq üçün lazım gələn rüxsəti verməkdən imtina etmişdir”.

Ərizəsinin davamında illərlə çəkdiyi əziyyətin qarşılığı olaraq mühəndislik ünvanının təsdiqlənməməsinə üzüldüyünü yazan Hidayət bəy Xarici İşlər Nazirliyinin Tiflisdəki Mühəndislik İnstitutunun ali məktəb olub-olmamasını Sovet hökumətindən soruşulmasını xahiş edib. Nazirlik 30 sentyabr 1935-ci ildə bu mövzunun araşdırılması üçün Moskvadakı türk səfirliyinə göstəriş verib. 21 oktyabr 1935-ci ildə Türkiyənin Moskva səfiri Zekai Apaydın mərkəzə göndərdiyi raportunda Tiflisdəki Mühəndislik İnstitutunun Sovet Dəmiryolları Komissarlığına tabe ali məktəb olduğunun Xariciyyə Komissarlığından bildirildiyini qeyd edib. 4 noyabr 1935-ci ildə alınan cavabla bağlı Hidayət bəy məlumatlandırılıb. 8 yanvar 1936-cı ildə Xarici İşlər Nazirliyi aldığı cavabla bağlı Nafiə Nazirliyini də xəbərdar edib.

Qeyd edək ki, bu dövrdə Hidayət bəyin ərizələrində iş yeri və vəzifəsi kimi Mədən Tədqiq və Axtarış İnstitutunda topoqraf olduğu yazılıb.

Beləliklə, Tiflisdəki təhsilinin ali dərəcə olduğunu isbatlayan Hidayət bəyə 29 aprel 1937-ci il tarixində ali mühəndislik lisenziyası verilib.

Türkiyə arxivindəki sənədlərə görə rus (çox yaxşı), alman (yaxşı), ingilis (orta) dillərini bilib. 1935-ci ildə Nafiə Vəkaləti Şosse və Körpülər Müşahidəçilər Şurasında çalışıb. 1935-1944-cü illərdə Mədən Tədqiq və Axtarış İnstitutu Mühəndisliyində, 1944-1947-ci illərdə Elektrik İşləri Etüd İdarəsi Genəl Direktorluğunda mühəndis olaraq çalışıb. 1947-1949-cu illərdə bu qurumda yüksək mühəndis, 1949-1956-cı illərdə topoqrafiya qolu müşaviri, 1956-1959-cu illərdə etüd qolu direktoru olaraq fəaliyyət göstərib. 1959-1967-ci illərdə Sənaye Nazirliyi Enerji Dairə Planlama Heyəti Müdirliyində çalışıb. 1967-ci ildə bu qurumda sədr müavini olaraq çalışıb. 17 oktyabr 1967-ci ildə baş mühəndis vəzifəsinə təyin olunub.

Hidayət Turanlı Azərbaycan Cümhuriyyəti xadimlərindən Adil xan Ziyadxanın qızı Turan xanımla ailə qurub. Bu evlilikdən Ənvər adlı oğlu olub. 3 yanvar 1985-ci ildə Ankarada vəfat edib, Karşıyaka məzarlığında dəfn olunub.

Hidayət Turanlının ictimai-siyasi fəaliyyəti

8 fevral 1952-ci ildə Ankarada bir qrup mühacir Azərbaycan Milliyyətçilər Dərnəyini yaradıb. Dərnəyin qurucuları arasında Nəsib bəy Yusifbəylinin oğlu Niyazi Kürdəmir, Həsən bəy Zərdabinin oğlu Səfvət Məlikzadə kimi şəxslərlə yanaşı Hidayət Turanlı da yer alıb. O, eyni zamanda dərnəyin sədri vəzifəsini də yerinə yetirib. Dərnəyin “Türk izi” adlı mətbu orqanı da fəaliyyət göstərib. “Türk izi”nin 1952-ci ilin may ayında çıxan ilk sayında Hidayət bəyin “Rus imperializminin ehtirasları” adlı məqaləsi işıq üzü görüb. O, bu yazısında vaxtilə Rusiyada müvəqqəti hökumətin rəhbəri olmuş Kerenskinin mühacirətdəki fəaliyyətini tənqid edib, onun müstəqil Azərbaycan dövlətinin varlığını qəbul etməməkdə qınayıb. Amerikada yaşadığı halda hələ də keçmiş imperialist ruhundan sıyrılmayan kerenskiçilərə Hidayət bəy aşağıdakı tarixi məsələləri xatırladıb: “Azərbaycan da daxil olmaqla türklərin yaşadığı ölkələrdə rusları hami olaraq dəvət edən bir nəfər də türk olmayıb. Əksinə, bu torpaqlar bütün cahanı fəth etmək həvəsində olan rus imperialistləri tərəfindən əsrlərlə davam etmiş qanlı müharibələr nəticəsində qəsb edilib. Türklər ali bir mədəniyyətə sahib olub nümunə sayılacaq böyük dövlətlər qurmağa müvəffəq olduqları dövrdə ruslar hər hansı bir mədəniyyətdən uzaq, hər sahədə çox ibtidai bir həyat sürüblər, türklərin üstünlüyündən faydalanmaq məcburiyyətində qalıblar”.

Hidayət bəy 1939-cu ildə latın hərflərindən istifadənin ləğv edilməsini, kirillə əvəzlənməsini tənqid edib, erməni və gürcülərin bu haqsızlığa məruz qalmadığını ifadə edib. O, türklərin yaşadığı zəngin bölgələrin daima istismar edildiyini, rusların məskunlaşdığı yerlərin isə iqtisadi baxımdan inkişaf etdirildiyini bildirib.
“Türk izi”nin 2-3-cü qoşasayında Hidayət bəy “Dürüstlük və etidal istəyirik” adlı məqaləsində mühacirətdaxili məsələlərə toxunub, Müsavat Firqəsinin fəaliyyətini tənqid edib. Ümumiyyətlə, Hidayət Turanlı mühacirətdə Məhəmmədəmin Rəsulzadə və çevrəsinə qarşı sərt mövqeyi ilə seçilməkdədir. Dərginin 1953-cü ildə çıxan 8-9-cu qoşasayında dərc etdirdiyi “Konfederasiya problemi və füzuli zorlamalar” adlı geniş məqaləsində Qafqaz Konfederasiyası fikrinin memarlarından Rəsulzadəni tənqid edib. “Türk izi”nin 1954-cü ildə çıxan 10-cu sayındakı “Birlik istəyirik!” və 18-ci nömrəsindəki “Üzrü qəbahətindən böyük!” adlı məqalələrində Turanlı yenidən Müsavat Firqəsinin fəaliyyəti əleyhinə sərt ifadələr işlədib.

1954-cü ilin noyabr ayında Azərbaycan İrtibat Heyətinin sədri mayor Əbdürrəhman Fətəlibəyli Almaniyada qətlə yetirilir. Hidayət bəy həmin ilin dekabrında çıxan “Türk izi” jurnalının 24-cü sayında “Tərtib etdikləri ədalət və hürriyyət budurmu?” adlı məqalə qələmə alıb və bu kimi cinayət hadisələrini qınayıb: “Moskvanın bunu anlaması vacibdir ki, mədəni dünyanın nifrətini qazanmış bu kimi dəbdən düşmüş ibtidai və mənfur terror yolu ilə nə qeyri-rus millətlərin qurduqları milli mücadilə cəbhəsini sarsıtmaq, nə də mədəni dünyanın hürriyyət qalasını fəth etmək mümkündür”.

Jurnalın 1955-ci ildəki 27-ci sayında çıxan “Əzəli düşmənliyin əbədiləşdirilməsi doğrudurmu?” adlı yazısında rus-türk müharibələrinin tarixinə toxunub, Osmanlının 1453-dən 1920-ci ilədək Avropanın müxtəlif dövlətləri ilə apardığı 44 müharibədən 13-nün ruslarla olduğunu vurğulayıb. “Türk izi”nin 1955-ci ildə çıxan 30-cu sayında Turanlı “Birliyə dair düşüncələr” adlı məqalə qələmə alıb, yendiən Müsavat Firqəsini, Azərbaycan Kültür Dərnəyinin fəaliyyətini tənqid edib. Jurnalın həmin il çıxan 33-cü sayındakı “Yaxın Şərqin örnək cümhuriyyəti” adlı məqaləsində bolşevik idarəçiliyinin iç üzünü ifşa edən Hidayət bəy Mircəfər Bağırov, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Həmid Sultanov, Davud Hüseynzadə kimi boleşviklərin hansı aqibətə düçar olduqlarını xatırladıb.

Hidayət bəyin bu jurnalda “Stalin ittiham edilir” (say 10-12, 1955), “Bolşevizm rus imperializminin yeni şəklidir” (say 4-8, 1956), “Nə olduqlarını anlamayan qaldımı?” (say 9-12, 1946), “NATO demokratiyanın sarsılmaz qalasıdır” (say 1-4, 1957), “Dəmir pərdənin arxası və Xruşov” (say 5-12, 1957), “28 may və 27 aprel” (say 1-6, 1958), “Azərbaycanın müəyyən günləri” (say 22, 1959), “Tarixi bir bəyannamə” (say 23, 1959), “Kambur üstünə kambur” (say 24, 1961), “Ağrılı həqiqətlər və tapşırığımız” (say 25, 1963) adlı məqalələri işıq üzü görüb.

Hidayət Turanlı Türkiyənin də daxil olduğu NATO haqqındakı məqaləsində bu hərbi birlik haqqında müsbət fikirlər ifadə edib: “NATO sülhsevər və hürriyyət aşiqi millətlərin əməkdaşlığının ən parlaq bir nümunəsidir. NATO Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Bəyannaməsi ilə vəz etdiyi prinsiplərin ən sadiq bir gözətçisidir. NATO sülh və rifah içərisində yaşamağı arzu edən azad və mədəni dünyanın sarsılmaz bir qalasıdır”.

Təəssüf ki, Hidayət Turanlının atasının mühacirətdəki fəaliyyətinə dair əlimizdə məlumat yoxdur. Amma türk jurnalist Refik Korkudun 1966-cı ildə Ankarada çıxan “Açıqlayırıq” adlı kitabında bir sıra azərbaycanlı mühacirlə yanaşı Hidayət Turanlının da məqaləsi yer alıb. Həmin yazıda Türkiyəyə mühacirət etmələri ilə bağlı qısa da olsa bir xatirəsi qeyd olunub:

“Atam türk məktəblərinin baş müfəttişi idi. Məktəblərin vəziyyəti çox acınacaqlı idi. Buna müqabil digər millətlərin məktəblərinə müxtəlif imkanlar təmin edilmişdi. Türk məktəblərində ən böyük ehtiyac kitablar idi. Oxunulacaq kitablar yetərsizdi. Atam son hesabatında bu ehtiyacları qeyd etdikdən sonra Türkiyədən kitab gətirtilməsini, türk məktəblərinə də digər millətlərin məktəblərinə edilən imkanların verilməsini tövsiyə etmişdi. Bu mütəvazi tələblər atamla mənim millətçilikdə ittiham edilərək qara siyahıya salınmağımıza yetərli oldu. Bu vəziyyət qarşısında kommunist idarəçiliyi ailəcə tərk etməkdən başqa çarə qalmamışdı. Atamla birlikdə anam və bacımı, silahlarımızı alaraq dağa çıxdıq. Bu əsnada kommunistlərlə mücadilə aparan silahlı bir millətçi qrupa qatılıb yeddi gün davam edən dözülməsi mümkünsüz bir yolçuluqdan sonra Türkiyəyə qovuşduq”.

Hidayət bəyin oğlu Ənvərin ABŞ-də yaşadığı qeyd olunur.

Beləliklə, maarifçi Əlirza Əlizadə ilə mühəndis Hidayət Turanlının həyat hekayəsi ilə bağlı əlimizdə olan materiallar bu qədərdi.

Избранный
65
50
teleqraf.com

10Источники