RU

"Alyaska görüşü ərəfəsində: Trampın Putinlə bağlı planı və Avropanın narahat gözləntisi" - "Deutsche Welle"

 
"Avropa liderləri Vaşinqtonun Ukrayna bahasına güzəştə getməməsi üçün diplomatik təzyiq göstərir..."
 
Avqustun 15-də Alyaskada - XIX əsrdə Rusiyanın ABŞ-a satdığı ərazidə Donald Tramp və Vladimir Putin bir araya gələcək. Bu, Ukraynada müharibənin başlamasından bəri iki liderin ilk görüşüdür. 
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Alyaskada tarixi görüş
 
Tramp əvvəlcə mövzunun atəşkəs və "ərazi mübadiləsi" olacağını açıqlasa da, sonradan bunu "ilkin danışıqlar kimi xarakterizə edib. Bu görüşə nə Ukrayna, nə də Avropa İttifaqı dəvət olunub. Bu, xüsusən Berlində ciddi narahatlıq yaradıb. Almaniya kansleri Fridrix Mers Avropa liderləri, Ukrayna prezidenti Vladimir Zelenski, NATO baş katibi Mark Rütte və Trampın iştirakı ilə avqustun 13-də onlayn konfrans təşkil edib. Məqsəd - Alyaska sammiti öncəsi Ukraynanın mövqeyini birbaşa ABŞ prezidentinə çatdırmaq olub.
 
Avropanın məhdud təsir imkanları
 
Alman politoloq Ştefan Mayster belə bir videokonfransın təşkilini uğur saysa da, Trampın Putinə qarşı mövqeyinə ciddi təsir göstərməyin çətin olduğunu düşünür. Onun fikrincə, Putin artıq istədiyini əldə edib: bu, Avropa və Ukrayna olmadan ABŞ prezidenti ilə sammit və bununla da siyasətinə legitimlik verməkdir.
 
Münhen Təhlükəsizlik Konfransının eksperti Niko Lanqe Trampın Putinlə üz-üzə danışıqlarının nəticə verəcəyinə inandığını, lakin Putinin bu görüşü öz maraqları üçün ustalıqla istifadə edəcəyini bildirir. Almaniyanın Rusiyadakı sabiq səfiri Rüdiger fon Friç isə nəticələrin rəmzi qalacağı və bunun Putini cəsarətləndirə biləcəyi barədə xəbərdarlıq edir.
 
"Dostyana" söhbət və Trampın mesajları
 
Onlayn görüşdən sonra Tramp söhbəti "kifayət qədər dostyana" adlandırıb. "Reuters" və BBC-nin məlumatına görə, o, Zelenskiyə və Avropa liderlərinə Ukrayna ərazilərinin bölüşdürülməsini Putinə təklif etməyəcəyini, əsas məqsədin atəşkəs olduğunu bildirib.
 
Tramp deyib ki, Alyaskadakı görüşdən sonra qısa müddətdə həm Zelenski, həm də Putinlə üçtərəfli danışıqlar aparmaq niyyətindədir. O, ikinci görüşün daha məhsuldar ola biləcəyini, lakin bunun yalnız ilk görüşdən razı qaldığı halda baş tutacağını vurğulayıb.
 
ABŞ prezidenti həmçinin xəbərdarlıq edib: əgər Rusiya atəşkəsə razılaşmasa, Vaşinqton "çox ciddi nəticələr" tətbiq edəcək. "Politico"-nun yazdığına görə, Tramp ABŞ-ın Ukraynaya müəyyən şərtlərlə təhlükəsizlik zəmanətləri verə biləcəyini deyib, amma bunu NATO çərçivəsində etməyi planlaşdırmır.
 
Sakit nikbinlik, dərin şübhələr
 
Ursula fon der Lyayen, Mark Rütte və Emmanuel Makron Trampın bəyanatlarını müsbət qarşılasa da, hamı anlayır ki, Vaşinqtonun dəstəyi Avropanın gözlədiyindən fərqli ola bilər. Alyaska sammiti həm Qərbin birliyini, həm də Trampın Putinə qarşı mövqeyini sınağa çəkəcək. Avropa isə hələ də əsas təhlükəsizlik qərarlarının öz iştirakı olmadan qəbul olunacağından ehtiyat edir.
Избранный
47
50
moderator.az

10Источники