Diplomatiyanın Zirvəsində: Ağ Evdə Azərbaycan Səsi
Cənab Prezident İlham Əliyevin avqust ayının 7-də ABŞ-a işgüzar səfəri, ilk növbədə Azərbaycan-Amerika münasibətlərinə təsiri baxımından son dərəcə önəmli bir hadisədir. Həm də bu səfərin məhz Prezident Donald Trampın dəvəti ilə baş tutması rəsmi Vaşiqtonun da həm Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafında, həm də Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında son dərəcə maraqlı olduğunu deməyə əsas verir.
Bu gün regionumuzda davamlı sülhə nail olunması üçün Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması ən vacib şərtdir. Buna görə də dövlət başçımızın Vaşiqtona işgüzar səfərinin tarixi əhəmiyyət kəsb edən nəticələri kimi Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın baş naziri tərəfindən Birgə Bəyannamənin imzalanması, eləcə də Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin Ağ Evdə paraflanması qeyd olunmalıdır. Birgə Bəyannamədə yer almış ən mühüm müddəalardan biri ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Həmin müddəa Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanmasını nəzərdə tutur. Artıq həmin məktub Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri tərəfindən imzalanmışdır və bu, 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəmdə saxladığı, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində atılmış çox mühüm addımdır.
Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Həmin müddəa ilə regionda kommunikasiyaların açılması və Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi nəzərdə tutulub. Bu məqsədlə Bəyannamədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa mahiyyət etibarı ilə Zəngəzur dəhlizinin açılması anlamına gəlir.
Birmənalı olaraq deyə bilərik ki, Birgə Bəyannamədə yer almış ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bu təşkilata birgə müraciət barədə, həmçinin Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılması barədə müddəalar Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsidir.
Azərbaycan Prezidentinin Vaşinqtona səfəri çərçivəsində baş vermiş və ölkələrimiz arasında ikitərəfli münasibətlərinin yeni müstəvidə inkişafına güclü təkan verəcək daha bir hadisə kimi, Azərbaycanın 1992-ci ilin oktyabr ayından bəri ABŞ Konqresi tərəfindən məruz qoyulduğu ədalətsiz 907-ci düzəlişin ləğv olunmasını qeyd etməliyik. Əlbəttə ki, Azərbaycanın hazırda heç bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Lakin bu düzəlişin ləğv olunması ABŞ Prezidenti tərəfindən ölkəmizə qarşı siyasi bir jest oldu.
Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri