RU

Azərbaycanda bu çayın məcrası dəyişdiriləcək

Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib.

Publika.az xəbər verir ki, dinləmədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhəri ərazisindən keçən hissəsinin inşası, Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi məsələsi müzakirə edilib.

Birinci məsələ üzrə müzakirələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aparıcı mühəndisi Mehman Həsənov deyib ki, layihənin əsas məqsədi yol infrastrukturunu təkmilləşdirməklə nəqliyyat axınında mövcud sıxlığın qarşısını almaq, hərəkət təhlükəsizliyini artırmaq və eyni zamanda, ətraf mühitin qorunmasına töhfə verməkdir: "Layihənin məqsədi üzü Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə sıxlığı aradan qaldırmaqdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd edib ki, sözügedən ərazidə xeyli sayda ağac var: "Layihə ilə bağlı aidiyyəti ekspertlər müzakirələr aparır".

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi ilə bağlı məlumat verib. O deyib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcrasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur: "Çayın məcrası ərazidən 14 kilometr məsafədə dəyişdiriləcək. İqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün tədbirlər nəzərdə tutulub".

Избранный
33
50
publika.az

10Источники