“Hər şey pozitiv idi. Kollektiv oyun sərgilədik. Hamı üzərinə düşəni yüksək səviyyədə yerinə yetirdi. Bir-birimizə kömək etməyə çalışırdıq. Bir sözlə, əla oyun alındı”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”ya 5:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışarkən deyib.
O, ilk növbədə bütün azarkeşlərə təşəkkür edib. Andrade matçdan əvvəl nəticə barədə düşünmədiklərini söyləyib: “Stadionda möhtəşəm atmosfer var idi. Fanatlar bizə əla motivasiya vermişdilər. Onların hər birinə təşəkkürümü bildirirəm. O ki qaldı nəticəyə, oyundan əvvəl bu barədə düşünmürük. Fikirləşmirik ki, 1:0 hesabı ilə qalib gələcəyik, yaxud 5:0. Əsas meydanda işimizi görməkdir. Təbii ki, qol buraxmasaq, daha yaxşı olar”.
26 yaşlı futbolçu yeni transferlərdən də söz açıb: “Yeni transferlərimiz çox yaxşıdır. Onlar həm meydanda bacarıqlarını nümayiş etdirirlər, həm də insan kimi çox yaxşı xüsusiyyətlərə malikdirlər. Həm meydanda, həm də meydandan kənarda çox gözəl anlaşırıq. Bu isə yaxşı nəticə qazanmaq baxımından çox vacibdir”.
Andrade Çempionlar Liqasındakı uğurlu çıxışı pley-offda da davam etdirmək istədiklərini vurğulayıb: “Pley-offda asan rəqib olmur. “Ferensvaroş” çox yaxşı komandadır. Bizi gərgin oyunlar gözləyir. Hazır olmalıyıq. Məqsədimiz pley-offu da uğurla adlamaqdır”.