RU

Agentlik rəsmisi: Müəllimlərin az dərs saatı ilə təmin olunması onların tədris prosesinə inteqrasiyasını çətinləşdirir

Bakı, 12 avqust, AZƏRTAC

Azsaatlı vakant yerlərin müsabiqəyə təqdim olunması, müəllimlərin az dərs saatı ilə təmin olunması onların tədris prosesinə inteqrasiyasını çətinləşdirir. Eyni zamanda, dərs saatlarının az olması əməkhaqqının da az olmasına gətirib çıxarır.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. O bildirib ki, bəzi hallarda iki, bəzi hallarda isə üç vakant yer birləşdirilmiş formada müsabiqəyə təqdim olunacaq: “Müəllimlər üçün bu yerlərdən biri əsas, digəri isə əlavə iş yeri kimi rəsmiləşdiriləcək. Bu yanaşma ilə həm vakant yerləri daha optimizə edəcəyik, həm də müəllimlər üçün daha məqbul dərs yükü və əməkhaqqı təmin olunacaq. Məqsəd bu vakant yerlərin namizədlər üçün daha cəlbedici olmasını təmin etməkdir”.

Nurlan İsmayılbəyli qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin əsas məqsədi məktəblərdə olan kadr ehtiyacının ödənilməsidir: “Bəzi hallarda yüksək bal toplayan namizədlər olsa da, biz ilkin mərhələlərdə təxminən 2000 vakant yerin heç bir namizəd tərəfindən seçilməməsinə şahid olmuşuq. Yəni, müsabiqədə iştirak edən, minimum tələbləri ödəyən namizədlərin heç biri bu vakant yerləri seçməyib”.

 

Избранный
47
2
azertag.az

3Источники