RU

Pezeşkian Balamın adı ilə razılaşmalı oldu: “Amma onu həddən artıq tərifləməyə ehtiyac yoxdur”

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdığı "Balamın adı" kampaniyası nəticə verib. 

"Balamın adı" kampaniyasının yaydığı məlumata görə, bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra Prezident məsələnin araşdırılması ilə bağlı göstəriş verib. 

Belə ki, Pezeşkian 15 min 761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşın Vəziyyətinin Qeydiyyata Alınması İdarəsindən məsələni araşdırmaq və məhdudiyyətlərin aradan qaldırılması barədə iş görülməsini istəyib. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, İran hökumətinin adqoyma məhdudiyyətləri panfarsist siyasətin nəticəsidir. O qeyd edib ki, hələ də türk dilində təhsil və milli bərabərlik tələbləri icra olunmayıb: 

“Burada qeyri-adi bir məsələ yoxdur. Sadəcə olaraq panfarsistlər farsca olmayan, eləcə də müsəlman ərəbcəsinə aid olmayan adları yasaqlayıblar. Bunu İranın milli təhlükəsizliyinə və birliyinə təhdid hesab edirlər. Məsələn, ərəbcə İslam dininə aid adları qoya bilərsiniz, amma mütləq İslama aid olmayan ərəb adını qoymağa icazə vermirlər. 

Farsca istənilən adı, hətta İslamdan əvvəlki fars adlarını da qoya bilərsiniz. Amma türkcə ad qoymaq olmaz. Eləcə də başqa etnik qrupların, yəni fars olmayanların öz dillərində ad qoyması, “Vətəndaşın vəziyyətinin qeydiyyata alınması Məcəlləsi”nin 20-ci maddəsi ilə qadağan edilib. 

Bu, panfarsistlərin ölkədəki qeyri-farslara qarşı yürütdüyü assimilyasiya və ayrı-seçkilik siyasətinin ən bariz nümunəsidir. Məsələn, aylarla Azərbaycan türk balaları adsız qalıb, daha sonra seçim edilərək ad qoyulub. Hətta o adları yazanda belə təhrif ediblər. Türkcə adın qoyulmasına icazə versələr də, sonradan həmin adı rəsmi sənədlərdə yazanda təhrif edirlər”. 

Sədrəddin Soltanın sözlərinə görə, Pezeşkian bu məsələdə qeyri-adi heç nə etməyib: “Pezeşkian seçkiqabağı kampaniya zamanı Konstitusiyanın 15-ci və 19-cu maddələrinin həyata keçiriləcəyinə söz vermişdi. Lakin indiyədək nə fars olmayanların ana dilində təhsil alması, nə də milli bərabərlik məsələsi reallaşdırılıb. 

Hətta bu istiqamətdə heç bir addım atılmayıb. Yəni heç bir proqram hazırlanmayıb, müəllimlər seçilməyib, dərsliklər yazılmayıb. Hesab edirəm ki, Pezeşkian ad məsələsi ilə bağlı Vətəndaşın Vəziyyətinin Qeydiyyata Alınması İdarəsinə göstəriş verməklə əslində seçkiqabağı elan etdiyi türk dilində mədrəsələrlə bağlı öhdəliyini ört-basdır etməyə çalışır. Digər tərəfdən isə cəmiyyətdə nüfuzunu artırmaq və sosial bazasını möhkəmləndirmək istəyir. Çünki bu, təkcə türklərə şamil edilməyəcək. 

Tapşırıq veriləndə yalnız türklərə aid adların yazılmasına icazə verilməsi nəzərdə tutulmur, bu, eyni zamanda fars olmayan ərəblərə də aid ediləcək. Ona görə bunu yalnız türklərə bağlamağa və Pezeşkianın  türk olduğu üçün etdiyini düşünərək onu həddən artıq tərifləməyə ehtiyac yoxdur. 

Pezeşkian çoxlu vədlər verib. Məsələn,  “Traktor” komandasına qarşı haqsızlıqla bağlı da  araşdırma tapşırığı vermişdi. Yəni hələ o qərar da icra olunmayıb. Halbuki Pezeşkian ali icraedici orqandır, yəni hökumət başçısıdır. Əgər bu qərar icra olunsa, indiki şəraitdə bunu müəyyən mənada onun uğuru saymaq olar”. 

Politoloq vurğulayıb ki, Güney Azərbaycan türklərinin problemi təkcə ad məsələsi ilə bitmir: 

“Güney Azərbaycan türklərinin əsas dərdi məktəbdir. Necə deyirlər, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Haray, haray, mən türkəm”. Əsas bu şüarlar həyata keçirilməlidir. Yoxsa türkcə ad qoyuldu, qoyulmadı, fərqi nədir? Tutaq ki, uşağın adını qoydun Alpər Tonqa, amma o, məktəbdə farsca oxuyacaq və adı dönüb Əfrasiyab olacaqsa, onda bu qərarın xeyri nədir? Əsas məsələ verilən qərarların icrasıdır. Bu qərarlar icra olunsa, Pezeşkian üçün uğur sayıla bilər. Amma bunu Azərbaycan türklərinin milli hərəkatının tələblərinin yerinə yetirilməsi kimi dəyərləndirmək sadəlövhlükdür”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

Pezeşkian Sədrəddin Soltan "Balamın adı"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
cebheinfo.az

2Источники