RU

Vaşinqton görüşü regional əməkdaşlığa və dayanıqlı sülhə hədəflənib

Vaşinqton görüşü Azərbaycan-Ermənistan sülh gündəliyinin inkişaf etdirilməsində vacib platforma kimi qiymətləndirilə bilər. ABŞ-ın vasitəçiliyi ilə baş tutan bu görüş şəxsi ambisiyalardan və maraqlardan daha çox regional əməkdaşlığa və dayanıqlı sülhə hədəflənib. Bunu görüş zamanı əldə edilmiş razılıqlara və imzalanmış bəyannamə mətninə baxdıqda tam şəkildə görmək olar.

Memarı dövlətimizin başçısı İlham Əliyev olan sülh gündəliyi çərçivəsində növbəti görüşün dünyanın bir nömrəli ölkəsində və ofisində keçirilməsi Azərbaycan üçün olduqca ciddi siyasi dividendlər qazandırdı.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, imzalanmış Birgə Bəyannamə hər bir halda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan daha üstün siyasi və hüquqi qüvvəyə malikdir və sırf regionun inkişafına əsaslanır. Əlavə olaraq isə əvvəlki bəyanatdan fərqli olaraq budəfəki bəyanatın bəndlərinin implementasiya mexanizmləri daha işlək və gələcəyə hədəflənib. Bu da Azərbaycana və Ermənistana yekun sülh sazişinin imzalanmasına yalnız və yalnız əlavə manevr imkanları yaradacaq.

"Bu vasitəçilik missiyası çərçivəsində ABŞ-ın hər iki ölkə ilə əməkdaşlığı həm də regiona nüfuz etməsi planı kimi də qiymətləndirilə bilər. Bu, həm də son zamanlar hər iki ölkəyə müxtəlif təzyiq rıçaqlarından istifadə edən bəzi regional güclərə qarşı da əsl siyasi preventiv tədbir hesab olunur.

Son zamanlar Azərbaycan və Ermənistan daha çox vasitəçi olmadan görüşlərin keçirilməsinə üstünlük verirdilər ki, bu da nəticələrin daha pozitiv olmasına təsir edib. Bu dəfə isə hər iki ölkənin ABŞ-ın vasitəçiliyi ilə görüşməsi tam şəkildə qarşılıqlı etimadın və qərəzin olmadığı diplomatik atmosferdən xəbər verir. Bu da ABŞ-ın öz şəxsi ambisiyalarından məsələyə yanaşmaması prizmasından irəli gəlir. Əvvəlki kabinetdən fərqli olaraq Tramp administrasiyası Qafqaz üzrə yeni strateji kursu müəyyən edib ki, burada da bölgənin hərtərəfli inkişafı və inteqrasiyası əsas ana xətti təşkil edir", - deyə A.Əliyev vurğulayıb.

Politoloq əlavə edib ki, Vaşinqton görüşü, həmçinin Azərbaycanın yeni diplomatik uğuru kimi də qiymətləndirilir. Belə ki, Birgə Bəyannamənin 2-ci bəndində hər iki ölkənin XİN-ləri qısa müddətdə ATƏT-in hazırkı sədrinə Minsk qrupunun ləğv olunması haqqında müraciət ünvanlayacaqlar. Bu, Azərbaycanın sülh sazişi öncəsi Ermənistan qarşısında qoymuş olduğu iki əsas vacib şərtdən biri idi ki, bunun da artıq real icrası başlanmış hesab oluna bilər.

Digər vacib məsələ isə Ermənistanın öz qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasıdır. Artıq Ermənistan rəsmiləri də konstitusiya ilə bağlı dəyişikliklərin 2026-cı ildə ola biləcəyi mesajlarını veriblər.

Lakin qeyd etmək lazımdır ki, artıq sülh sazişinin mətni Vaşinqton görüşündə yüksək səviyyədə paraflandığı təqdirdə həmin sənədin imzalanmasını da gecikdirmək olmaz. Bu faktı Ermənistanın siyasi rəhbərliyi ciddi şəkildə nəzərə almalıdır. Bu, Ermənistanın ciddi məsuliyyət məsələsidir. Belə ki, qarşıdakı 10 ay müddətində həm Ermənistanda, həm də regiondakı siyasi proseslər müxtəlif istiqamətlərdə cərəyan edə bilər. Daxili çəkişmələr və xarici təzyiqlər bu prosesə ciddi maneə ola bilər. Ona görə də Ermənistan bu məsuliyyətdən irəli gələrək ən qısa müddətdə üzərinə düşən məsələləri həll etməlidir.

Amid Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev görüşdən sonra verdiyi müsahibədə də bu məsələyə toxunaraq bildirdi ki, zaman Ermənistanın əleyhinə işləyən bir faktordur. Xarici təzyiqlər fonunda Ermənistan bu prosesdən boyun qaçırsa, ilkin olaraq ABŞ və onun dövlət başçısına qarşı hörmətsizlik və etimadsızlıq edəcək, bütövlükdə isə rəsmi İrəvan çıxılmaz və çətin bir vəziyyətə düşəcək. Ona görə də Ermənistan ən qısa müddətdə mümkün alternativ variantlar vasitəsilə konstitusiyaya dəyişikliklərini həll etməlidir. Əks halda Ermənistan ödənməsi çətin olan bir hesabı boynuna ala bilər. Budəfəki vasitəçi olan ABŞ digər vasitəçilərdən fərqli olaraq Ermənistanı cəzalandırmaq üçün bütün real imkanlara və rıçaqlara malikdir.

Избранный
82
50
sia.az

10Источники