Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb.
Qazaxıstan lideri onu Vaşinqtonda əldə olunmuş razılaşmalar nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə təbrik edib və prosesi dəstəklədiyini bildirib.
Tokayevin sözlərinə görə, bəyannamə Cənubi Qafqazda genişmiqyaslı beynəlxalq əməkdaşlığa, eləcə də Qazaxıstan və Ermənistan arasında daha fəal iqtisadi və qarşılıqlı investisiya fəaliyyətinə yol açır. O, Astananın danışıqlar platformasını təqdim etməklə İrəvan və Bakı arasında siyasi dialoqu asanlaşdırmağa davam etməyə hazır olduğunu təsdiqləyib.
Paşinyan Qazaxıstan tərəfini sülh prosesinin bəzi aspektləri barədə məlumatlandırıb, xüsusilə ABŞ Prezidenti Donald Trampın mühüm vasitəçilik rolunu qeyd edib. O, Astananın Ermənistan və Azərbaycanı barışdırmaq səylərini yüksək qiymətləndirib və yeni əməkdaşlıq sazişləri imzalamaq üçün bu il Qazaxıstana səfər etmək niyyətini təsdiqləyib.
Tokayev bildirib ki, artıq Astanada Paşinyanın ilin sonuna planlaşdırılan rəsmi səfəri üçün hazırlıqlara başlanılıb.