RU

“Cənubi Qafqaz yeni fəlakətlərdən qurtuldu”-Millət vəkilindən AÇIQLAMA

“Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Bakı ilə İrəvan arasında imzalanan Birgə Bəyannamə Azərbaycanın sülh gündəliyi üzərində fəal iş aparmasının nəticəsidir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, son 5 ildə ölkəmizə qarşı çoxsaylı təzyiqlər oldu:

“Azərbaycan sülh sazişinin mətnini qarşı tərəfə göndərdi, səmərəli müzakirələrin davam etdirilməsi istiqamətində səyləri davam etdirdi və nəticədə artıq region dayanıqlı sülhün astanasındadır. Azərbaycan Prezidenti bəyan etdi ki, “əminəm, Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib.”

Təbii ki, növbəti mərhələdə Ermənistan yeni öhdəliklərini yerinə yetirməlidir. Cənab Prezidentin təbirincə desək, “necə deyərlər, Ermənistanın ev tapşırıqları da var. Belə ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər.” Yəni, Ermənistanın bu prosesi pozması artıq ABŞ Prezidentinə hörmətsizlik olacaq. Digər tərəfdən, Ermənistan nə qədər tez addımlar atsa, öz xeyrinədir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin qətiyyəti və iradəsi sayəsində uzun illər münaqişə məkanı olan Cənubi Qafqazda dönüş başlayır:

“Bu, regionun növbəti fəlakətlərdən qurtulmasıdır. Amma təəssüf ki, buna sevinmək əvəzinə, məyus olanlar da az deyil. Dövlət başçımız yerli televiziya kanallarına müsahibə zamanı da buna toxundu və qeyd etdi ki, bəzi dairələr çox məyus olurlar, çünki onların maraqları tamamilə fərqlidir. Onlar işğala görə məsuliyyət daşıyanlardır. Eyni zamanda bu uğuru həzm edə bilməyən milli satqınlar da az deyil. Öz şəxsi maraqlarını milli maraqlardan üstün tutan bəzi ünsürlər Azərbaycanın liderliyini, dövlət başçımızın Ağ Evdə xüsusi ehtiramla qarşılanmasını sadəcə, həzm edə bilmirlər. Amma bu ünsürlərin canfəşanlığı reallığı dəyişmir. Azərbaycan müharibədə olduğu kimi, postmünaqişə dövrünün də qalibidir.
ABŞ-a tarixi səfər və əldə olunmuş uğur uzun müddət ərzində Bayden-Blinken Administrasiyası, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və s. tərəfindən Azərbaycanı güzəştlərə məcbur etmək siyasətinin tam iflası oldu.
Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, Prezident İlham Əliyev bir addım belə geri çəkilmədi. Nəticədə qərəzli dairələr belə artıq Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini qəbul etməyə məcburdur”.

“Cənab Prezidentin də söylədiyi kimi, bu gün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaqdır”,- deyə sonda K.Nurullayeva fikirlərini yekunlaşdırıb

//Gülnarə Abasova, Editor.az

Избранный
196
50
editor.az

10Источники