Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.
Vüsal Mətləb, AzTV-nin müxbiri: Xoş gördük, cənab Prezident. Siz Amerika Birləşmiş Ştatları Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkədə səfərdəsiniz və bu gün Azərbaycanda hər kəs Vaşinqtondan xəbərlər gözləyir. Odur ki, bu müsahibəyə görə təşəkkür edirik. İcazənizlə, suallara keçək.
Cənab Trampla görüşünüzü və Amerika Birləşmiş Ştatları-Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin əhəmiyyətini və ümumilikdə bu səfərin nəticələrini necə qiymətləndirərdiniz?
Prezident İlham Əliyev: Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.
Prezident Trampla görüşümüz çox səmimi şəkildə keçdi. Deyə bilərəm ki, dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər.
Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək.
Oubai Şahbandar, AnewZ televiziyasının müxbiri: Cənab Prezident, bu gün kifayət qədər əlamətdar bir gün oldu. Tarix yazıldığı bir gündür, Siz və Baş nazir Paşinyan Nobel Mükafatı Komitəsinə birgə məktub göndərmək niyyətindəsiniz. Prezident Trampın Sizin strateji baxışınızı və liderliyinizi, eləcə də Sizin Prezident Trampın bu gün imzalanan Memoranduma gətirib çıxaran uzaqgörən liderliyini təriflədiyinizi eşitdik. Bildiyiniz kimi, Prezident Tramp üçün şəxsi münasibətlər çox önəmlidir. Siz öz liderliyinizlə Prezident Trampın liderliyi arasındakı münasibətləri, həmçinin şəxsi münasibətləri necə qiymətləndirərdiniz? Konqresin onillər əvvəl ABŞ-ın Azərbaycana yardımını qadağan edən 907-ci düzəlişin ləğv olunması, Prezident Trampı görmək Sizin üçün nə dərəcədə əhəmiyyətlidir? Bu, Azərbaycan və ABŞ üçün yeni bir mərhələdir?
Prezident İlham Əliyev: Tamamilə doğrudur, bu, bizim birinci görüşümüz idi. Çox xoş və nəticəyönümlü görüş idi. Mən cənab Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir. Bu gün mətbuat konfransında dediyim kimi, bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur. Bu baxımdan, mən onunla olan şəxsi münasibətlərimizi yüksək dəyərləndirirəm və ümid edirəm ki, növbəti illərdə bu münasibətlər ölkələrimiz arasında olan dövlət münasibətlərinə də müsbət təsir edəcəkdir.
Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi. 1992-ci ilin oktyabr ayında biz ədalətsiz şəkildə Konqres tərəfindən sanksiyaya məruz qaldıq. Həmin dövrdə, əlbəttə ki, Konqres üzvləri - konqresmenlər Azərbaycandakı və ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdən bixəbər idilər. Onlar Ermənistanın lobbi qruplarının təsiri altında idilər və bu ərəfədə Azərbaycan təcavüzkar kimi təqdim olunmuşdu, qələmə verilmişdi. Bu da bizi birbaşa ABŞ-ın dəstəyindən məhrum etdi və ona görə də keçmiş Sovet İttifaqından çıxmış respublika sanksiyalara məruz qaldı. Əlbəttə ki, mürəkkəb bir vəziyyət idi.
Sonralar bu düzəliş dayandırıldı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim edirdi. Bu, yüklərin şimal istiqamətində çatdırılmasını, eyni zamanda, nəqliyyat və hava məkanının verilməsi kimi məsələləri əhatə edirdi. 2023-cü ilə qədər hər il ABŞ prezidentləri bu düzəlişi müvəqqəti olaraq dayandırırdı. Ancaq 2023-cü ildə gözləmədiyimiz hadisə baş verdi. Çünki biz gözləmirdik ki, belə bir yanaşma olsun. Yəni, Bayden administrasiyasından bu yanaşmanı gözləmirdik. Bayden administrasiyası Əfqanıstanda bizə ehtiyac olmadığı bir zamanda, bütün dünyanın gözü qarşısında faktiki olaraq ölkəni tərk etdi. Ondan sonra onlar həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etdilər. Bu, yəqin ki, həmin mənfi münasibətin və yanaşmanın kulminasiyası idi. Onlar nankorcasına davrandılar və bu da Bayden administrasiyası ilə münasibətlərimizə ciddi şəkildə mənfi təsir göstərdi. Bu administrasiyanın sonuna qədər bizə qarşı münasibət belə də qaldı və bizim münasibətlərimiz çox böyük böhran içində idi. Ona görə Prezident Trampın bu jestinin bizim üçün böyük bir mənası vardır.
Əlbəttə ki, Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Bizim, yəni, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Beləliklə, rəmzi bir xarakter daşıyan bu düzəliş ləğv olundu. Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub. Bu, bizim üçün Prezident Tramp tərəfindən siyasi bir jest oldu və bu gün onun ofisində bu sənədə imza atdıq.
Strateji tərəfdaşlıq mətninin hazırlanması üçün Strateji İşçi Qrupu yaradılır. Bu iki önəmli hadisə bu gün baş verib. Ona görə də mən bu günü tarixi bir gün adlandırıram. Bunun da bizim üçün çox önəmli müsbət təsirləri olacaqdır. Təbii ki, bu gün burada Azərbaycan və Ermənistan arasında baş verən hadisələr, həmçinin bütün bölgə üçün, rifah və sülh istəyən hər kəs üçün önəmli olacaqdır.
Abbasəli Yadigarov, AZƏRTAC-ın müxbiri: Cənab Prezident, bu gün çox önəmli sənədlər imzalandı. Hamıya yaxşı məlumdur ki, İkinci Qarabağ müharibəsində Zəfərdən sonra sülh müqaviləsi təşəbbüsünü məhz Azərbaycan irəli sürmüşdür. Bu baxımdan, bu gün imzalanan sənədlərin əhəmiyyətini necə şərh edərdiniz?
Prezident İlham Əliyev: Bəli, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq. Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq.
Bildiyiniz kimi, ondan sonra bizim təşəbbüsümüzlə danışıqlar prosesi başlamışdı. Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Biz Ermənistan tərəfinə izah etməyə çalışırdıq ki, bu, bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz. Ancaq buna baxmayaraq, Ermənistan təkidlə öz mövqeyindən geri çəkilmək istəmirdi.
Yəqin ki, yadınızdadır ondan sonra Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirilmişdir. Ancaq yenə də əsas fundamental məsələ imkan vermirdi ki, tərəflər bu məsələdə razılığa gəlsinlər. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb. Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib.
Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq.
Vüsal Mətləb: Cənab Prezident, Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında bəzi şərtlər qoymuşdunuz. Onlardan birincisi ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı idi. Hansı ki, bu gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Baş katibinə bununla bağlı müraciət imzaladılar. İkinci şərt Ermənistanın əsas qanunundan - Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı idi. Bu, indiki halda nə qədər real görünür?
Prezident İlham Əliyev: Məncə, tam real görünür. Çünki birincisi onu deməliyəm ki, bizim bütün şərtlərimiz tam məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir və hətta danışıqlar zamanı dəfələrlə belə bir məsələ qaldırılmışdı. Bizim isə mövqeyimiz ondan ibarət idi ki, bu, belə qəbul edilməməlidir. Bu, birbaşa bizə aidiyyəti olan məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir, iddiadır. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz.
Bizim mövqeyimiz hər zaman ardıcıl, məntiqli, əsaslı idi və biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq. Amma nədənsə Minsk qrupunun ləğvi ilə bağlı bizim əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. Halbuki dəfələrlə biz izah etməyə çalışırdıq ki, bir halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Onsuz da o, öz funksional mahiyyətini itirmişdir və biz heç vaxt imkan vermərik ki, bu, hər hansı bir formada canlansın, yaxud da hansısa başqa formaya minsin. Ona görə bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bu gün bu paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir.
Oubai Şahbandar: Cənab Prezident, Sizin Vaşinqtona gəlişiniz, sülh sazişini imzalayıb Prezident Tramp ilə görüşməyiniz, Sizi və Azərbaycanı milyonlarla amerikalıya tanıtdı. Onlar bəlkə də ilk dəfədir Sizinlə və Azərbaycanla tanış olurlar. Ola bilsin ki, Azərbaycanın harada yerləşdiyini bilmirlər və ya müəyyən yanlış təsəvvürlərə malikdirlər. Amerika mediasında və beyin mərkəzlərində bəzilərinin irəli sürdüyü narahatedici fikirlərə necə cavab verərdiniz? Məsələn, Qarabağda xristianların qorunub-qorunmayacağı barədə narahatlıqlar var. Zəngəzur dəhlizinin əhəmiyyəti nə dərəcədədir – təkcə Azərbaycan üçün deyil, həm də Amerikanın ticarət maraqları üçün, xüsusən də “Tramp ticarət marşrutu”nun qurulacağını nəzərə alsaq?
Prezident İlham Əliyev: Bilirsiniz, uzun illərdir Azərbaycan ABŞ mediasında demonlaşdırılıb, Prezident Trampın ədalətli şəkildə “saxta xəbər” adlandırdığı media orqanlarında. “Washington Post”, “New York Times”, “Newsweek” və digər media qurumları müntəzəm olaraq Azərbaycan haqqında şayiələr yayır, bizə hücum edir, təhqiramiz məqalələr dərc edir və Amerika ictimai rəyini yanlış istiqamətə yönəldirdilər. Bunu əsasən erməni lobbi nümayəndələri edirdi. Elə həmin qrup bu gün erməni maraqlarına qarşı çıxış edir. Bu gün baş verənlərə sevinmək əvəzinə tamamilə məyusdurlar, çünki onların gündəliyi tamamilə fərqlidir. Məhz onlar işğala görə məsuliyyət daşıyırlar. Çünki onların ideyaları, məsləhətləri, pulları və müxtəlif erməni hökumətlərinə təsiri Ermənistanın özündə dağıdıcı rol oynadı. Əgər onlar və onlara bənzər qruplar olmasaydı, Ermənistan daha inkişaf etmiş, müstəqil və möhkəm dövlət sisteminə malik bir ölkə olardı. Onlar isə sadəcə, vaxt itirdilər. Vaxtlarını bizim torpaqlarımızın işğalına sərf etdilər, amma sonda bu işğalı əbədi saxlaya bilmədilər və inkişaflarında 30 il itirdilər.