Azərbaycan xalqı bir çox regionlara, o cümlədən Cənubi Qafqaza sülh gətirən ABŞ Prezidenti Donald Trampın sülhməramlı siyasətini daim xatırlayacaq.
Bakues.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ və Ermənistan liderləri ilə görüşündə deyib.
“Prezident Tramp və onun komandası, yaxın dostumuz cənab Uitkoff (Stiv Uitkoff, ABŞ prezidentinin xüsusi nümayəndəsi – red.) olmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də tükənməyən danışıqlar prosesində ilişib qalacaqdılar”, – Azərbaycan Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, bu səbəbdən bu gün Vaşinqtonda həqiqətən tarixi gündür. “Bu gün biz Qafqazda təkcə regionumuz üçün deyil, həm də Prezident Trampın haqlı olaraq qeyd etdiyi kimi, beynəlxalq sülhə və rifaha aparan “Tramp marşrutu” üçün böyük imkanlar açacaq, divarları yıxacaq, bir çox ölkələri birləşdirməyə imkanlar yaradacaq, investisiya, rifah və sabitliyi təmin edəcək sülhü bərqərar edirik”, – Prezident İlham Əliyev əlavə edib.