RU

"ABŞ Cənubi Qafqazda strateji nəqliyyat dəhlizinə nəzarət edəcək" - "Reuters"

 
"Vaşinqton Azərbaycan-Ermənistan sülh sazişi ilə regionun yeni iqtisadi və siyasi oyunçusuna çevrilir..."
 
Cənubi Qafqazın siyasi mənzərəsini dəyişdirəcək mühüm sənəd imzalanmaq üzrədir. Avqustun 8-də Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan çərçivə sülh sazişinə imza atacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
 
Məlumata görə, bu sənədin ən diqqətçəkən maddəsi ABŞ-a regionda strateji nəqliyyat dəhlizinin inkişafı və idarəsi üzrə eksklüziv hüquqların verilməsidir. Bu dəhliz təkcə iqtisadi layihə deyil, həm də illərdir münaqişələrlə sarsılan bölgədə yeni siyasi balansın əsas açarına çevrilə bilər.
 
TRIPP - "Tramp Marşrutu"nun yaranması
 
Razılaşmaya əsasən, Ermənistan ABŞ-a uzunmüddətli müddətə tranzit yolunun tikintisi və inkişafı üçün xüsusi səlahiyyətlər verəcək. Layihənin rəsmi adı "Beynəlxalq Sülh və Çiçəklənmə naminə Tramp Marşrutu" olacaq və ingiliscə qısaldılmış forması TRIPP kimi tanınacaq. Yeni marşrut Ermənistan qanunvericiliyinə uyğun işləsə də, ABŞ onu seçilmiş beynəlxalq konsorsiuma subarendaya verəcək. Konsorsium infrastrukturun inşası, texniki idarəetmə və logistika işlərini öz üzərinə götürəcək.
 
Naxçıvan xətti və blokadaların açılması
 
 
ABŞ-ın layihəyə qoşulması həm də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa əlaqənin qurulması ilə  bağlı uzun illər irəli sürdüyü tələblə üst-üstə düşür. Bu marşrutun açılması Türkiyəyə çıxışı asanlaşdırmaqla yanaşı, Ermənistanın da iqtisadi izolyasiyasını azalda bilər. Rəsmi mənbələr bu addımın regionu "blokadadan çıxaracağını" və gələcək hərbi eskalasiyanın qarşısını alacağını bildirir. Eyni zamanda, sənəddə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son verilməsi də nəzərdə tutulur.
 
Diplomatik pərdəarxası proses
 
Məlumatlara görə, prosesin fəallaşması 2025-ci ilin martında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Cənubi Qafqaza səfəri ilə başlayıb. Uitkoff və komandası növbəti aylarda bölgəyə bir neçə dəfə gələrək, tərəfləri ortaq məxrəcə gətirməyə çalışıb. Vaşinqton bu sülh razılaşmasının Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması üçün də zəmin yarada biləcəyini düşünür. Bu sazişlər Donald Trampın prezidentliyi dövründə İsrail ilə bir sıra müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılması üçün imzalanmışdı.
 
Qarabağ münaqişəsinin bitməsinə aparan yol
 
1980-ci illərin sonlarından bəri Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda mübarizə aparıb. 2020-ci ilin payız müharibəsindən sonra bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan "antiterror əməliyyatı" keçirib və qısa müddətdə bölgəyə tam nəzarəti bərpa edib. Qondarma "Dağlıq Qarabağ Respublikası" rəsmən ləğv olunub. Bundan sonra Ermənistan rəhbərliyi məğlubiyyətinə görə Rusiyanı ittiham edib. Moskva isə öz hərəkətlərinin imzalanmış sənədlərə tam uyğun olduğunu bildirib. 2024-cü ilin aprelində Rusiya sülhməramlı qüvvələrini bölgədən çıxarmağa başlayıb.
 
Ermənistanın yeni geosiyasi kursu
 
Paşinyan hökuməti 2024-cü ilin yayında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını açıqlasa da, rəsmi çıxış tarixi göstərilməyib. Ermənistan Xarici İşlər Nazirliyi bunun "geriyədönməz" bir qərar olduğunu vurğulayıb. Kreml isə hələ də İrəvanla əməkdaşlığa hazır olduğunu bildirib. Bu sənədin imzalanması ilə ABŞ ilk dəfə olaraq Cənubi Qafqazın logistika və infrastruktur xəritəsində əsas oyunçulardan birinə çevriləcək. Bu isə regionun gələcək onilliklərdə siyasi çəkisinin və iqtisadi əhəmiyyətinin artacağına işarədir.
Избранный
44
11
moderator.az

10Источники