RU

20 yaşında öz ölkəsini qurdu: Bayrağı, konstitusiyası və 400 vətəndaşı var!

Gənclərin əksəriyyəti  gələcəklə bağlı adi arzular qurur: yaxşı bir iş, gözəl ev, bəlkə bir az da səyahət... Amma Böyük Britaniyadan olan Daniel Jackson üçün bu kifayət deyil. Onun arzusu fərqlidi.  O, öz ölkəsini yaratmaq istəyirdi. Bu uşaqlıq arzusu illər sonra gerçəyə çevrildi.

Sherg.az xəbər verir ki, Jackson 14 yaşında dostları ilə zarafatla başladığı bu ideya üzərində işləməyə davam etdi. Beş il sonra, 2019-cu ildə, 20 yaşında olarkən Dunay çayı sahilində yerləşən, heç bir dövlətə məxsus olmayan kiçik bir torpaq sahəsini fürsət kimi gördü. Xorvatiya ilə Serbiya arasında sərhəd mübahisəsi səbəbindən bu ərazi heç bir ölkəyə aid deyildi. Jackson buraya “Verdis” adını verdi, bayrağını hazırladı, qanunlarını yazdı və özünü “prezident” elan etdi. Beləcə “Verdis Azad Respublikası” yaradılmış oldu.

Yarım kvadrat kilometr ərazisi olan bu kiçik “ölkənin” bu gün 400-ə yaxın rəsmi vətəndaşı var. Minlərlə insan isə vətəndaşlıq üçün müraciət edib. Rəsmi dillər: ingilis dili, xorvat dili və serb dilidir. Pul vahidi isə avrodur. Lakin Verdisə getmək asan deyil  - ora yalnız Xorvatiyanın Osiyek şəhərindən qayıqla çatmaq mümkündür.

Daniel Jackson dolanışığını video oyunlar üçün dizaynlar hazırlamaqla təmin edir. Amma onun əsas ehtirası Verdisdir. O deyir ki, bu prosesdə siyasət və insan təbiəti haqqında çox şey öyrənib.

Amma bu xəyal hər kəsi sevindirmədi. Ötən il Xorvatiya polisi Jackson və bir neçə nəfəri Verdis ərazisində düşərgə qurarkən saxladı. Rəsmi səbəb açıqlanmasa da, qrup Xorvatiyadan deportasiya olundu və ölkəyə girişlərinə qadağa qoyuldu. Jacksonun fikrincə, rəsmilər onu təhlükə kimi görür.

Hazırda Jackson Verdisi sürgündə  - Serbiyanın paytaxtı Belqraddan idarə edir. Serb rəsmilərinin daha dözümlü olduğunu düşünür. Ən böyük arzusu bir gün Verdisə qayıdıb orada tam zamanlı yaşamaqdır. O gün gəldikdə isə seçkilər keçirəcəyini və prezidentlikdən çəkiləcəyini deyir:

“Mən hakimiyyət həvəsində deyiləm. Mən qalıcı bir sistem qurmaq istəyirəm.”
Избранный
45
50
sherg.az

10Источники