Bizimyol saytına istinadən ain.az xəbər verir.
Avropada miqrant siyasəti sərtləşməyə başlayıb. Almaniya bu mənada xüsusi fərqlənir. Rəsmi Berlin miqrant axınının qarşısını almaqda israrlıdır. Avropa ölkəsi müraciətlərə çox ciddi yanaşır, adətən, mənfi reaksiya bildirir. Buna görə deportasiya prosesi sürətlənib. Azərbaycana qaytarılan həmvətənlərimizin sayı da çox artıb.
Bizimyol.info xəbər verir ki, İspaniya və Portuqaliyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunub. Xanım Rüstəmli rəfiqəsi ilə birlikdə Avropanın cənubuna getmək üçün Fransanın ölkəmizdəki konsulluğundan 3 aylıq viza alıb. Onlar avqustun 4-də Frankfurt hava limanında problemlə üzləşiblər. Aeroportda onlara səfəri davam etdirə bilməyəcəklərini deyiblər.
“Bütün uçuş, muzey biletlərini göstərdim. Azərbaycanda İspaniya və Portuqaliya üçün vizanın Fransadan alındığını bildirsəm də, icazə vermədilər və polislər gəlib bizi apardı. Telefonumuz və pasportumuz əlimizdən alınmışdı. Saatlarla gözlədikdən sonra ilk öncə məni, daha sonra rəfiqəmi sorğu-sual etdilər. Çox aşağılayıcı və təhqiredici suallarla bizi, ölkəni əzməyə çalışdılar. Məsələn, bildirirdilər ki, Azərbaycan konsulluğuna xəbər edirik, amma bilirsiz də, Azərbaycana heç vaxt vətəndaşları maraqlı olmayıb, onsuz da reaksiya verməyəcəklər. Maaşımı, iş yerimi soruşub lağa qoyaraq “bu maaşla necə dolanırsız, ümumiyyətlə, necə səyahət edirsiz?” tərzində suallarla üzləşdik. Sanitar qovşağa avtomatlı polislərlə gedirdik. 6-7 saat davam edən sorğu-sualdan sonra su vermək yadlarına düşdü. Daha sonra “acsınızsa, yemək sifariş edək, amma pulunu verməyiniz şərtilə” dedilər”.
Xanım Rüstəmlinin sözlərinə görə, gecəni aeroportdakı polis məntəqəsində keçirməli olublar. Ertəsi gün isə deportasiya qərarı verilib. Vizalar ləğv olunub. Azərbaycan vətəndaşlarının ölkənin Almaniyadakı səfirliyi ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb. Hətta aeroportda əvvəlcə bilet pulunu azərbaycanlılardan almaq istəyiblər.
“Gecəni tranzit zonada donaraq keçirdik. Bu müddət ərzində hər 4 saatdan bir tranzit zonadan 30 dəqiqə yol gələrək polisə “Allah haqqı, burdayıq, qaçmamışıq” deyib rəsmi kağız imzalayırdıq. Bu proses səhəri gün 15:00-a qədər davam etdi. Bu prosesdə həmin polis əməkdaşlarının daha 4 azərbaycanlını da belə tutduğunu gördük”.
Xanım Rüstəmli çox sarsıldıqlarını, üstəlik, rəfiqəsi ilə birlikdə 7 min manat ziyana düşdüklərini bildirir. O, bir illik deportasiya müddəti bitəndən sonra yenidən Şengen vizası üçün müraciət edib-etməməklə bağlı tərəddüd içində olduğunu deyir.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.