“SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.
Bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.
Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib: "Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər".
Qeyd edək ki, “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində “SOCAR” brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.
Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası 2010-cu il mayın 7-də istifadəyə verilib. Hazırda ölkə üzrə 71 YDS “SOCAR Petroleum”un balansındadır. Bundan əlavə, şirkətə məxsus 1 Sıxılmış Təbii Qaz terminalı və 13neft terminalı bazası fəaliyyət göstərir ki, onlardan 11-i regionlarda, 2-si isə Bakıda yerləşir.
Ölkənin aparıcı yanacaqdoldurma şəbəkələrindən biri olan “Azpetrol” şirkətindən “Report”a bildirilib ki, şirkətə məxsus stansiyalarda “Aİ-95” markalı premium benzinin satışı dayandırılmayıb.
“Azpetrol”dan qeyd olunub ki, şirkətin bütün yanacaqdoldurma məntəqələrində mövcud olan 5 növ yanacağın satışı davam etdirilir və bu sahədə hər hansı fasilə qeydə alınmayıb.
Xatırladaq ki, hazırda “Azpetrol” şirkəti Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə 108 yanacaqdoldurma məntəqəsinə sahibdir. Bundan əlavə, şirkətin balansında 1maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyat üçün nəzərdə tutulmuş və müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı mövcuddur.
Hazırda fəaliyyət göstərən stansiyalarda 4sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu, həmçinin 23elektromobil üçün enerji doldurma postu fəaliyyət göstərir.
İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a bildirdi ki, normalda Azərbaycan daxili pərakəndə satış bazarında 95 markalı benzinin qiymətinin ucuzlaşması lazımdır:

“Çünki məhsulun daxildə istehsal edilməsi nəticəsində bir sıra xərclər xüsusilə logistik xərclər, xarici bazardan asılılıq və valyuta məzənnələrinin təsiri kimi amillər aradan qalxır. Halbuki, bu amillər əvvəllər qiymətlərin bahalaşmasına səbəb olurdu. Lakin daxildə istehsal prosesinə başlanıldıqdan sonra qeyd olunan amillər aktual olmur və bu da qiymətlərin aşağı düşməsi ilə nəticələnməlidir. Buna baxmayaraq, mövcud bazar şəraitində rəqabətin zəif olması və həm idxalçının, həm də istehsalçının eyni hüquqi şəxsə məxsus olması qiymət siyasətinə ciddi təsir göstərir. Bununla belə, daxili istehsal bütün hallarda maya dəyərinin azalmasına səbəb olduğu üçün qiymətlərin aşağı düşməsi iqtisadi baxımdan məntiqidir və yaxın gələcəkdə bu vəziyyətin reallaşacağı gözlənilə bilər. Lakin bu prosesin baş verməsi üçün müəyyən iqtisadi əsaslandırmalar mövcuddur və bəzən bu əsaslandırmalar real bazar mexanizmləri ilə üst-üstə düşmür. Xüsusilə, istehsalın başlanması mərhələsində infrastruktur quruculuğu və digər kapital qoyuluşları tələb olunur ki, bu da ilkin mərhələdə əlavə xərclər yaradır. Lakin zamanla bu investisiyaların geri dönüşü baş verdikdən sonra xərclər sabitləşir və gəlirlər stabil xarakter alır. Bu mərhələdən sonra isə qiymətlərin mərhələli şəkildə, az da olsa, aşağı salınması mümkün ola bilər. Bu, normal iqtisadi modelləşdirmə çərçivəsində gözlənilən nəticədir. Bu səbəbdən də, Azərbaycanda 95 markalı benzinin qiymətinin ucuzlaşması ehtimalı reallıq daşıyır. Daxili istehsalın iqtisadi üstünlükləri ilə yanaşı, bu prosesin mənfi tərəfi də mövcuddur ki, bu da məhsulun keyfiyyət məsələsidir. Belə ki, beynəlxalq bazarlarda ticarət olunan 95 markalı benzin dünya üzrə qəbul olunmuş standartlara uyğun şəkildə istehsal olunur və həm ixracatçılar, həm də idxalçılar məhsulun keyfiyyətinə ciddi nəzarət edirlər. Lakin Azərbaycanın daxili bazarında istehsal edilən və yalnız yerli bazarda satışa çıxarılan 95 markalı benzinin keyfiyyətinə nə dərəcədə nəzarət olunacağı sual altındadır. Bu məhsulun milli standartlara uyğunluğu və bu standartların beynəlxalq normalarla uyğunluq səviyyəsi əsas müzakirə predmetidir. Bu suallara cavabların aydınlaşması üçün bazar iştirakçılarının və istehlakçıların rəyləri həlledici olacaq. Yaxın gələcəkdə istehlakçı davranışları vasitəsilə məhsulun keyfiyyətinin əvvəlki idxal edilən 95 markalı benzinlə müqayisədə nə dərəcədə uyğun gəldiyi müəyyən ediləcək. Bu isə məsələnin ən çox tərəddüd doğuran tərəfini təşkil edir”.