RU

“McLaren” tarix yazdı – Budapeştdə 200-cü qələbə, liderlərdən daha bir dubl!

"Formula 1" üzrə dünya çempionatının iştirakçıları Macarıstan QP-dən sonra mövsümün yarısını arxada qoyublar. Bu mərhələdən sonra çempionatda 4 həftəlik yay fasiləsi başlayır. Komandalar bu dövrdə iki həftəlik məcburi bağlanma rejiminə keçirlər. Lakin bazalarda artıq 2026-cı ilin bolidlərinə fokuslanılıb, mühəndislər ötən ay FİA-dan yeni texniki direktivləri alıblar.

Budapeşt yaxınlığında yerləşən Hunqarorinq trası "stasionar Monako" adlandırılır. Trasın dar və döngələrlə zəngin olması ötmə imkanlarını məhdudlaşdırır. Əsas ötmə nöqtəsi DRS zonasının sonundakı ilk döngədir, lakin burada belə ötmə üçün ciddi sürət fərqi tələb olunur.

Cümə gününün məşqləri "McLaren" komandası üçün uğurlu keçib. Tozlu asfalt üzərində ilk dövrələrdə bolidlər trası təmizləsə də, sonradan sürət artımı müşahidə olunub. Hər iki sessiyada Lando Norris komanda yoldaşı Oskar Piastrini cüzi fərqlə qabaqlayıb.

Şənbə günü Piastri ən sürətli olub. Sıralanma turuna əsas favoritlər "McLaren" sürücüləri göstərilsə də, sürpriz nəticə qeydə alınıb.

"Ferrari"nin sürücüsü Şarl Lekler poul qazanaraq mövsümdə ilk, karyerasında isə 27-ci pouluna imza atıb. Onun yanında Piastri start alıb.

İkinci cərgədə Norris və Corc Rasl, üçüncü cərgədə isə hər iki "Aston Martin" sürücüsü yer alıb.

Yarış günü səhər yağış yağsa da, start zamanı hava quru olub. Lekler liderliyini qoruyub, Piastri ikinci yerdə qalıb. Norris isə iki mövqe itirib. Sonradan Alonso üzərində üstünlük qazansa da, Raslı ötməkdə çətinlik çəkib. Buna görə də o, alternativ strategiyaya keçərək trasda daha uzun müddət qalmağa üstünlük verib.

İkinci pit-stop dalğasından sonra Norris yenidən liderliyi ələ alıb. Arxasında isə Piastri və Rasl gəlirdilər. Gənc avstraliyalı son 10 dövrəni DRS məsafəsində keçirsə də, Hunqarorinqdə ötmə şansı əldə edə bilməyib.

Yekunda Lando Norris mövsümdə 5-ci, karyerasında 9-cu qələbəsini qazanıb. Bu, "McLaren" tarixində 200-cü qələbədir. Komanda yoldaşı Piastri 2-ci yer tutaraq ardıcıl 4-cü (mövsümdə 7-ci) dublu təmin edib. Hər iki sürücü mövsümdə 12-ci dəfə podiuma yüksəlib. Podiumu tamamlayan isə Corc Rasl olub.

Lekler 4-cü, Alonso və Stroll isə müvafiq olaraq 5-ci və 7-ci yerləri tutublar. Onların arasında "Sauber"in debütantı Qabriel Bortoleto 6-cı yer tutaraq karyerasının ən yaxşı nəticəsini göstərib.

Louson və Ferstappen ilk onluqda qərarlaşıb, onluğu isə "Mercedes"in debütantı Antonelli tamamlayıb.

Çempionatda lider Oskar Piastridir - 284 xal. Lando Norris ondan 9 xal geri qalır. Üçüncü yerdə 187 xalla Ferstappen, dördüncü yerdə isə Rasl qərarlaşıb. Mühəndislər Kubokunda "McLaren" 559 xalla liderdir. "Ferrari" (260), "Mercedes" (236) və "Red Bull" (194) isə ikinci yer uğrunda mübarizə aparır.

Çempionat yay fasiləsinə çıxıb. Növbəti yarış Niderlandda keçiriləcək.

Milli.Az

Избранный
6
1
milli.az

2Источники