RU

Qurbanlar niyə susurlar?

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəlli yaşa çatandan sonra anlayırsan ki, heç kimdən və heç nədən qorxmaq lazım deyil. Amma fiziki və mənəvi formalaşma zaman alır, ömür aparır.

Bizim uşaqlığımızda - "qorxma, heç nə edən deyiləm, düzünü de", - ifadəsindən sonra könüllü ifadə verənlərin əksəriyyəti ən azı atanın belindəki kəmər, ya da ananın əlindəki oxlovla yaxından tanış olurdu. Necə deyərlər, öz dərisində əsl həqiqəti hiss edirdi. Bu yaxın təmasdan sonra ifadə verənlərin neçə faizinin ürəyində "düzünü demək" arzusu qalırdı, bax, bu, maraqlı məsələdir. Təbii ki, bu cəza vasitəsindən sonra çoxu kötək yeməmək üçün yalan danışmağı və ya susmağı daha üstün tuturdu.

30-40 il əvvəlki dövrdə cəmiyyət, valideynlər, məktəb və s. düşünürdü ki, ən yaxşı tərbiyə üsulu elə uşağı döyməkdir. İndi də belə düşünənlərin sayı olduqca çoxdur. Adam heç qınaya da bilmir, çünki xüsusi hörmət və sanbala layiq atalar sözlərimizdə belə bu ifadələr var: "Uşağın başından qapazını əskik etməməlisən", "Qızını döyməyən dizini döyər".

Uzun sözün qısası, döymək bizim milli mənsubiyyətimizin tərkib hissəsi, əsas tərbiyə üsulumuzdur.

Bu üsul da özündə zorakılıq və qorxunu ehtiva edir. Ailədə güvən və etibar deyil, qorxu və itaət hökm sürür.

Bu tərbiyə üsulunun nə dərəcədə işlək və doğru olması barədə pedaqoqlar və əsl, bilikli psixoloqlar danışsın. Mən danışsam, olacağam xalq düşməni. Odur ki, keçirəm əsas məsələyə - dünyada zorakılığa məruz qalan qurbanlar və onların susmasına.

Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNICEF) bildirir ki, hər 4 dəqiqədə dünyanın bir yerində uşaq zorakılıq nəticəsində öldürülür.

Bu gün həyatda olan təxminən 90 milyon uşaq seksual zorakılığa məruz qalıb.

Bu gün həyatda olan 650 milyon qız və qadın (5-dən biri) uşaqlıqda seksual zorakılığa məruz qalıb, onlardan 370 milyondan çoxu (8-dən biri) zorlanma və ya seksual hücuma məruz qalıb.

15-19 yaş arası təxminən 50 milyon yeniyetmə qız (6-dan biri) keçən il ərzində həyat yoldaşları və ya partnyorları tərəfindən fiziki və ya seksual zorakılığa məruz qalıb.

410 milyondan 530-na kimi oğlan və kişi (təxminən 7-dən biri) uşaqlıqda seksual zorakılığa məruz qalıb.

1.6 milyard uşaq (3-dən 2-si) evdə mütəmadi olaraq həm fiziki cəzaya, həm də psixoloji zorakılığa məruz qalır.

Xüsusi qeyd: zorakılıqdan ölən uşaqlar arasında oğlanların faizi daha yüksəkdir. Zorakılıq səbəbi ilə ölən hər 4 uşaq və yeniyetmədən 3-ü oğlandır.

Bu rəqəmlərə nəzər salanda düşünün ki, hər bir rəqəm bir insandır, bir uşaqdır, yarımçıq qalan ömürdür.

Dəhşətli rəqəmlərdir və düşünürəm ki, bu, heç də bütün həqiqəti ifadə etmir. Çünki zorakılıq qurbanlarının əksəriyyəti susur və qorxur. Ona görə ki, uşaqlar nəyin baş verdiyini anlamırlar, çünki onların sərhədləri çoxdan pozulub. Daha böyük yaşda olan qız-qadınlar isə nifrət və alçalmalara məruz qalmaqlarından qorxurlar. Oğlan uşaqları ilə bağlı məsələ daha faciəlidir. Qadınlar bu dəhşətlə təkbaşına birtəhər, bir cür baş çıxara bilirsə, yeniyetmə oğlanlarda patriarxal cəmiyyətin diktəsi ilə müəyyən olunmuş davranış qaydaları onları intihara sürükləyir. Nəticədə cinayətkar qalır bir tərəfdə, öz əməllərinə davam edir. Psixoloji və fiziki cəhətdən zəif olan yeniyetmələr isə intihar edir.

Görəsən niyə?

Yenə də məsələ cəmiyyətin, ailənin, dostların məhz qurbanı günahkar görməsi ilə bağlıdır. Döyülmüsənsə, söyülmüsənsə, deməli, özün günahkarsan.

Əsrlər boyu zorakılığa məruz qalan insanların bunda qurbanın günahkar görməsi cəmiyyət tərəfindən tirajlanıb. Əgər hər hansı bir qız-qadın seksual zorakılığa məruz qalırsa, bu, bilavasitə onun günahıdır. Deməli, başı-gözü qaynayıb, geyimi açıq-saçıq olub, makiyajı-saçı gözəgirən olub. Qısası, əxlaqsız olub ki, onu zorlayıblar. Əxlaqlı adamla heç kimin işi olmaz.

Maraqlısı budur ki, bu tezis hər zaman zorakılıq törədən cinayətkarların lehinə işləyib. Onlar illərlə qurbanlarına dəhşət yaşadıb və bunun qarşılığında cəzasız qalıblar. Zorakılığa məruz qalan qurbanların illər sonra verdikləri ifadələrdə ən geniş yayılanı da budur. Onlar zorakılığa illərlə, dəfələrlə məruz qalıblar. Lakin ailə və yaxınlarının yanaşması, onları qorumamaları, qurbanları dəhşət içində illərlə yaşamağa məcbur edib.

Diqqətinizə dünyanın müxtəlif ölkələrində sərgilənən bir layihəni çatdırmaq istəyirəm. "What Were You Wearing?" (Sən nə geyinmişdin?) beynəlxalq layihədə dünyada seksual zorakılıqla üzləşən qurbanların geyimləri və hekayələri təqdim olunur. Layihədə əsas məqsəd zorakılığa məruz qalan uşaq və qadınların cinayət anında əyinlərində nə olmasına diqqətin yetirilməsidir. Qurbanların qorxuları ilə təkbaşına qalması və yaxınları tərəfindən dəstək almaması da yer alır.

Layihəyə diqqət edəndə anlayırsan ki, geyim burada ən son rolu oynayır. Cinayətkar üçün qurbanın nə geyindiyi maraqlı deyil. Onun üçün əsas qurbanın qorxması və susmasıdır. Bir neçəsini diqqətinizə çatdırıram ki, məlumatınız olsun.

Bu gün bu barədə yazmaq səbəbim həm də bir neçə gün əvvəl böyük əks-sədaya səbəb olan hadisəyə cəmiyyətin baxışını müəyyən etməkdir.

Artıq polis tərəfindən saxlanılan, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun azyaşlı qıza qarşı intim hərəkətlər etməsi sosial şəbəkələrdə geniş müzakirə olundu və şərhlər cinayətə cəmiyyətin əksər hissəsinin hansı münasibətdə olmasını gündəmə gətirdi.

İstər qadınlar, istər kişilər məsələdə 4 yaşlı uşağı günahkar bildilər.

Onların fikrincə cinayətə baiskar uşaqdır.

Mənə sadəcə maraqlıdır, bu şərhləri yazan qadın və kişilərin öz uşaqlarına qarşı hər hansı 64 yaşlı kişi belə hərəkətlər etsə, o zaman onların münasibəti necə olacaq? Yenə də deyəcəklərmi, uşaq özü günahkardır.

Uşaqlara məktəbdə, ailədə, evdə başa salmaq lazımdır ki, heç kim sənin şəxsi sərhədini poza bilməz. Uşaqlara başa salmaq lazımdır ki, ən yaxın valideyn belə sənin bədəninin həssas hissələrinə toxuna bilməz. Bu, birbaşa cinayətdir. Heç bir əmi, dayı, baba, qonum-qonşu və s. səninlə "səmimi" ola bilməz. Uşaqlarla daima danışmaq, onların davranışına diqqət etmək lazımdır. Ən vacibi isə uşağa başa salmaq lazımdır ki, belə halla qarşılaşanda valideynlərə bu barədə danışsınlar. Uşağa demək lazımdır ki, əgər valideyn səni "eşitmirsə", özünü karlığa-korluğa vurubsa, polisə müraciət etsin.

Çox vacib məqam! Əgər valideyn kütdürsə və qonum-qonşunun münasibəti onun üçün övladının həyatından daha vacibdirsə, o, valideyn hüququndan məhrum olunmalıdır. Qeyd-şərtsiz!

Bu cəmiyyət axır başa düşməlidir ki, uşaq İNSANDIR! Kiminsə oyuncağı deyil.

Sonda vacib bir mesajım var. Əgər bu yazını oxuyursansa və nə vaxtsa zorakılığa məruz qalıb susmusansa, bil ki, bu sənin günahın deyil. Sənin, ümumiyyətlə, heç bir günahın yoxdur. Sən təkbaşına bu müsibətdən çıxmağa müyəssər olmusansa, deməli, qalibsən. Səni qucaqlayıram.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
oxu.az

1Источники