RU

Moskvanın Xankəndi ağrısı

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA[email protected]

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti öz mandatına zidd olaraq bir sıra qanunsuz əməllərə yol verib. Bu əməllərdən biri də erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda qanunsuz tikintisi idi. İndi Azərbaycan tərəfi öz suveren ərazisində heç bir əhəmiyyəti olmayan bu büstün sökülməsinə qərar verib. Rusiya tərəfindən buna göstərilən reaksiyalar isə rəsmi Moskvanın süni gərginlik, hay-küy yaratmasından başqa bir şey deyil.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun açıqlaması, TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert" adlandırılması da buna hesablanıb.

Rəsmi Bakının bununla bağlı cavabı kifayət qədər sərt olmaqla yanaşı, həm də Moskva üçün ciddi xəbərdarlıqdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında büstün qanunsuz quraşdırıldığı qeyd olunub. XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur.

"Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin "ləğv edilməsi" iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin "ləğv edilməsi" iddiası ilə çıxış etmirik. Amma Rusiyanın yüksəkvəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur", - deyə XİN rəsmisi əlavə edib.

Eyni zamanda, Rusiyanın rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert" adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirildiyi vurğulanıb: "Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırılması Azərbaycana qarşı həqarət idi. Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi də Rusiya ərazisində bir çox yaşayış yerini öz əzəli adları ilə qeyd edə bilər. TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur".

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC da bəyanat yayaraq, TASS-ın xəbərinin sərlövhəsinin və mətninin Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurduğunu açıqlayıb. Eyni zamanda, rusiyalı həmkarlardan buraxılmış səhvin düzəldilməsi gözləntisini bəyan edib: "Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacağıq".

Əvvəlcə Bakının sərt reaksiyasından sonra TASS "Stepanakert" adını silib, amma "Dağlıq Qarabağ" ifadəsindən istifadə edib. Məlumdur ki, Azərbaycanda belə ərazi vahidi mövcud deyil. Sonra isə TASS "Dağlıq Qarabağ" ifadəsində də dəyişiklik edərək onu "Qarabağ" adı ilə saxlayıb.

Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı "525"ə açıqlamasında deyib: "Mənə elə gəlir ki, Rusiya rəhbərliyində, necə deyərlər, Kremlin qüllələri arasında Azərbaycana münasibətdə fərqli yanaşma mövcuddur. Elə dairələr var ki, anlayırlar ki, Azərbaycan müstəqil, kifayət qədər imkanı olan dövlətdir, Rusiya ilə münasibətləri süni şəkildə gərginləşdirməkdə maraqlı deyil. Amma onu da bilirlər ki, Azərbaycanla əlaltı kimi davranmaq mümkün deyil, biz buna yol verməyəcəyik. Ona görə də yeni yanaşmanın tərəfdarları kimi çıxış edirlər. Rusiyadakı şovinist, yekəxana yanaşma sərgiləyənlər nümayiş etdirmək istəyirlər ki, onlar söz sahibidirlər, böyüyük, dədəlik edəcəklər. Biz nə deyiriksə, hamı onu etməlidir. Azərbaycan belə hallarla bağlı elə adekvat cavablar verir ki, geri addım atmağa məcbur qalırlar. Azərbaycan rus sülhmərmalılarını yola saldı. Rusiyanın vasitəçiliyini də rədd etdi. Rusiyanın təkliflərini də qəbul etmədi. Və Rusiya bununla hesablaşmağa məhkumdur. Əsas olan budur, qalanları xırda məsələlərdir. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy nə deyir desin, onun sözü ilə siyasət quran var ki? Nə dedisə, cavabını da aldı. TASS agentliyi yaramazlığa yol verdi, ona deyildi ki, sabahdan biz başlayacağıq Kalininqradı Köniqsberq, Volqoqradı Sarısu adlandırmağa, yəni tarixi adları ilə, xoşunuza gələcək, ya yox? Ona görə də geri çəkilməli oldular".

Deputat TASS-ın "Stepanakert" ifadəsini "Dağlıq Qarabağ"la əvəzləməsinə də toxunub: "Bu adı istifadə etməklə düşünürlər ki, Azərbaycanın kefini pozacaqlar, bu o deməkdir ki, cılızlıqla məşğuldurlar. Azərbaycan "Stepanakert" ifadəsinə öz sərt mövqeyini bildirdi, əslində bununla da öz acizliklərini dünyaya nümayiş etdirdilər".

Heykəl məsələsinə gəlincə, R.Musabəyov deyib ki, onu boş yerə quraşdırmamışdılar: "Məqsədli şəkildə nümayiş etdirmək istəyirdilər ki, bizim torpaqlarda əbədi qalacaqlar. Belə ifadə işlədirlər ki, rus hərbçisinin ayağı hara dəydisə, onu ordan çıxarmaq mümkün olmayacaq. Biz onları vaxtından tez yola saldıq. O heykəllə yerli sakinlərə nümayiş etdirməli idilər ki, biz burda əbədiyik, biz isə göstərdik ki, çıxacaqsınız və əbədi qala bilməzsiniz. Bu, Azərbaycan tərəfindən sadəcə bir addım deyil, tutarlı cavab idi. Yəni sən burda əbədi qalacağını göstərmək istəyirdin, biz isə nümayiş etdirdik ki, burda söz sahibi, qərar sahibi Azərbaycan hökuməti, dövlətidir".

Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələdə necə davam edəcəyinə gəlincə, R.Musabəyov söyləyib ki, Azərbaycan Rusiya münasibətləri yenidən formalaşır və yeni Azərbaycanın artan qüvvəsinə hesablanıb. Eyni zamanda, Rusiyanın indiki kifayət qədər zəif durumu da nəzərə alınır:

"İndi münasibətlərin yeni konfiqurasiyası formalaşır. Bu isə mübarizəsiz, hansısa belə hadisələr olmadan baş vermir. Hər bir halda Azərbaycan öz mövqeyində də yanaşmasında da düşünürəm ki, tarixin düzgün tərəfindədir, Rusiya o yeni reallıqları bilir, normal münasibət saxlamaq, qonşuluq siyasətini davam etdirmək istəyirsə, yeni Azərbaycanı qəbul etməyə məhkumdur".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
525.az

1Источники