RU

"Medvedyev Putin rejiminin sadiq gözətçi itinə çevrilib" - "The New York Times"

"Tramp Rusiya ilə razılaşma ümidini saxlayır, Medvedev isə əlverişli hədəfdir..."

ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və keçmiş prezident Dmitri Medvedevin son bəyanatlarına ardıcıl şəkildə reaksiya verir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu "The New York Times" nəşri yazıb.

Nəşr Medvedevi "Putinin daxili çevrəsinin kənarında dolaşan, amma real təsir gücü olmayan bir fiqur" və "rejimin gözətçi iti" adlandırır.

"Qərbyönümlü" imicdən Kreml ideoloqunadək

Bir vaxtlar Qərbə yaxın, "liberal" imici ilə tanınan Medvedev indi tamamilə fərqli obrazdadır - şəxsi sosial şəbəkələrində sərt və aqressiv çıxışlar edir, Qərbə, xüsusən də ABŞ-a qarşı ritorikasını daha da kəskinləşdirir. Onun bəyanatları Rusiya daxilində çox vaxt ciddi qəbul olunmur, bəzən isə ümumiyyətlə görməzdən gəlinir.

Lakin Trampın özü bu ritorikaya səssiz qalmayıb. Artıq iki dəfə Medvedevin paylaşımlarına açıq cavab verib. Nəşrin təhlilinə görə, bu qarşılıqlı atmacalar təkcə Vaşinqtonla Moskva arasında gərginliyi artırmır, həm də iki qeyri-bərabər fiqurun qarşıdurmasıdır: biri dünyanın ən güclü ordusunun Ali baş komandanı, digəri isə kölgədə qalan, lakin hələ də Kremlə sadiqlik nümayiş etdirən keçmiş prezident.

Sosial şəbəkələrdə "soyuq müharibə" və simbiotik qarşıdurma

Avropa Universitetinin professoru Qriqori Qolosov qəzetə açıqlamasında qeyd edib ki, Tramp və Medvedev arasında sosial şəbəkələrdə gedən bu qarşılıqlı hücumlar "simbiotik" xarakter daşıyır. O, bildirib ki, keçmişdə Qərbyönümlü obrazla tanınan Medvedev indi Rusiyanın Qərbə qarşı "səngərində döyüşən əsgərə" çevrilib. Bu transformasiya həm də Tramp üçün fürsət yaradır: o, Rusiya ilə bağlı sərt mövqe nümayiş etdirə bilir, lakin eyni zamanda Putinə birbaşa toxunmur.

"Putinlə razılaşma istəyir, amma kimisə tənqid etməlidir"

Professor Qolosovun fikrincə, Tramp Rusiya ilə xüsusən də Ukrayna məsələsində razılıq əldə etmək niyyətindədir. Bu səbəbdən Putinə açıq hücum etməkdən çəkinir. Bunun əvəzinə, o, Medvedevi "tənqid üçün ideal hədəf" kimi seçib. Həm sərt görünür, həm də danışıqlara yol açıq qalır.

Ultimatumlar və qarşılıqlı hədələr

İyulun sonunda Tramp Rusiyaya açıq ultimatum verərək bildirib ki, əgər 50 gün ərzində Ukrayna ilə danışıqlara razılıq verilməzsə, ABŞ Rusiya mallarına qarşı 100 faizlik "ikincili tariflər" tətbiq edəcək. Daha sonra bu müddəti 10 günə qədər azaldıb. Buna cavab olaraq Medvedev Trampı "Rusiya ilə ultimatum oyunu oynamaqla" günahlandırıb və ABŞ-ı müharibə ilə hədələyib.

Danışıqların kölgəsində informasiya savaşı

Nəşrin gəldiyi qənaət budur: Medvedev ciddi qərar verən şəxs olmasa da, o, Tramp üçün həm sərt mövqe nümayiş etdirməyə yarayan fiqurdur, həm də real danışıqlara "toxunulmaz" sayılan Putinlə əlaqələri pozmadan siyasi oyun sahəsində hərəkət etməyə imkan verir. Beləliklə, Rusiya ilə ABŞ arasında diplomatik ziddiyyətlər yalnız səhnə arxasında deyil, artıq sosial şəbəkələrdə də yeni mərhələyə keçib.

Избранный
30
moderator.az

1Источники