RU

Azərbaycan və Suriya münasibətlərində strateji dönüş: Enerji sahəsində yeni mərhələ

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan və Suriya arasında münasibətlərdə son dövrlərdə müşahidə olunan yaxınlaşma yeni əməkdaşlıq istiqamətlərini gündəmə gətirib.

Oxu.Az xəbər verir ki, Antalyada keçirilən beynəlxalq forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Suriya Prezidenti Bəşər Əsəd arasında baş tutan görüş, ardınca isə iyulun 12-də Suriya prezidentinin Azərbaycana rəsmi səfəri bu istiqamətdə əhəmiyyətli addım olub.

Ölkə başçıları arasında müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycan qazının Suriya bazarına çıxarılması olub.

Məsələni Oxu.Az-a şərh edən iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu gündən Azərbaycan qazının Suriyaya nəqlinə başlanılıb və bununla da Suriya Azərbaycan qazını istehlak etməklə öz enerji təhlükəsizliyini gücləndirən 14-cü dövlət olub:

"Azərbaycan qazı Suriyaya gündəlik altı milyon kubmetr ötürmə qabiliyyətinə malik olacaq Kilis-Hələb kəməri vasitəsilə nəql edilir. Bu o deməkdir ki, həmin kəmərin illik ötürmə qabiliyyəti iki milyard kubmetrədək yüksəldilə biləcək. Azərbaycan qazı vasitəsilə Hələbdə elektrik enerjisi əldə ediləcək və 1200 meqavata yaxın əlavə istehsal planlaşdırılır. Bütövlükdə, Azərbaycan qazından istifadə etməklə Suriya daxili elektrik enerjisi təminatını iki dəfəyə yaxın yaxşılaşdıra biləcək".

V.Bayramov vurğulayıb ki, Suriyanın enerji təhlükəsizliyinə töhfə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək:

"Azərbaycanın mavi yanacağının Suriyaya nəql edilməsi həm də bütövlükdə Azərbaycan qaz ixracatının coğrafiyasının daha da genişləndirilməsinə gətirib çıxara bilər.

Nəzərə alsaq ki, postmüharibə dövründə regional kəmərlərin bərpası həyata keçirilir, bu da təbii ki, artıq yeni kəmərlər vasitəsilə Azərbaycanın təbii qaz nəqlinin daha da genişləndirilməsinə şərait yarada bilər. Suriyadan sonra İordaniya və Misirədək Azərbaycan mavi yanacağının nəqli imkanları var, bu kontekstdən demək olar ki, bu, Azərbaycanın təbii qaz ixrac destinasiyasının daha da genişləndirilməsinə və daha çox ölkənin bu yolla öz enerji təhlükəsizliyinin gücləndirilməsinə nail olmasına imkan yarada bilər.

Eyni zamanda, nəzərə alaq ki, Azərbaycan hazırda dörd ölkəyə elektrik enerjisi ixrac edir və onun da ixracatının coğrafiyasını genişləndirmək niyyətindədir. Xüsusən də yaşıl enerji ixracatının genişləndirilməsi, Avropa ölkələrinə elektrik enerjisi ixracına başlanılması əsas hədəflərdəndir.

Azərbaycan təbii qazı vasitəsilə Suriyada elektrik enerjisinin hasil edilməsi o deməkdir ki, praktiki olaraq, növbəti mərhələdə elektrik enerjisi ixracının genişləndirilməsinə nail oluna bilər.

Azərbaycanın mavi yanacağının Suriyaya nəql edilməsi tarixi hadisə olmaqla yanaşı, təbii ki, ölkəmizin geosiyasi mövqeyinin daha da gücləndirilməsinə imkan verəcək və bu, bir daha təsdiq edir ki, Azərbaycan regional təhlükəsizliyin formalaşmasında xüsusi rola malikdir".

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
oxu.az

1Источники