RU

Azərbaycan qazının Suriyaya nəqli: Yeni enerji tərəfdaşlığı

Azərbaycanın Türkiyə vasitəsilə Suriyaya təbii qaz ixracına başlaması həm enerji təhlükəsizliyi, həm də regional diplomatiya baxımından əhəmiyyətli nəticələr doğura biləcək strateji addımdır.

Kilis vilayətinin Yavuzlu kəndində baş tutan açılış mərasimi ilə bu yeni əməkdaşlıq rəsmi şəkildə həyata keçməyə başlayıb. Layihə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanır və ilkin mərhələdə ildə 1.2 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.

Əldə ediləcək qaz resursları Suriyanın müharibədən ciddi zərər görmüş Hələb və Homs şəhərlərindəki elektrik stansiyalarına yönəldiləcək. Burada hasil ediləcək 1200–1300 meqavat gücündə elektrik enerjisi ölkənin enerji təminatında kritik rol oynayacaq. Bu, eyni zamanda, Suriyanın enerji infrastrukturunun bərpası üçün yeni bir mərhələnin başlanğıcıdır.

Layihənin regional geosiyasi əhəmiyyəti isə yalnız enerji axını ilə məhdudlaşmır. Birincisi, Azərbaycan öz qazının yeni bazarlara çıxışı ilə ixrac marşrutlarını diversifikasiya edir və enerji diplomatiyasını daha da genişləndirir. İkincisi, Türkiyə bu layihə ilə öz ərazisi üzərindən keçən enerji bağlantılarını gücləndirərək regional enerji mərkəzi olma ambisiyasını bir daha nümayiş etdirir. Üçüncüsü, illərlə təcrid olunmuş və beynəlxalq əməkdaşlıqdan uzaq düşmüş Suriya üçün bu layihə qismən də olsa iqtisadi normallaşmaya keçidə işarədir.

Layihənin siyasi arxa planına nəzər saldıqda, Qətər İnkişaf Fondunun da bu prosesdə iştirak etməsi diqqətəlayiqdir. Bu, Körfəz ölkələrinin də Suriya ilə iqtisadi inteqrasiyaya maraq göstərdiyini və enerji infrastrukturunun bərpasında regional koalisiyanın formalaşdığını göstərir. Bu konfiqurasiya, eyni zamanda, Rusiyanın Suriyadakı dominant mövqeyinə qarşı yeni alternativlərin meydana çıxması kimi də şərh oluna bilər.

Nəticə etibarilə, Azərbaycan qazının Suriyaya nəqli təkcə texniki bir enerji layihəsi deyil, həm də regionun enerji xəritəsində yeni bir düzən yaratmağa hesablanmış çoxşaxəli diplomatik və iqtisadi strategiyadır. Bu əməkdaşlıq bölgədə sabitliyin və qarşılıqlı asılılığın artmasına xidmət edə bilər, lakin onun uzunmüddətli uğuru regional təhlükəsizlik balansı və beynəlxalq münasibətlər sistemindəki dəyişikliklərdən də asılı olacaq.

Züriyə Qarayeva

Избранный
16
50
bakivaxti.az

10Источники