İyulun 28-dən avqustun 1-dək Bakıdakı Milli Gimnastika Arenasında ilk dəfə olaraq Avropa Gimnastikasının batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib.
İdman.biz xəbər verir ki, toplanış Avropa Gimnastikasının təşəbbüsü və Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Təlim-məşqə Azərbaycanla yanaşı, İtaliya, Çexiya, Danimarka və İsveçdən olan idmançılar, məşqçilər və beynəlxalq ekspertlər qatılıb. Hazırlığın əsas məqsədi iştirakçı gimnastların texniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də onların beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir. Toplanışda tamblinq və ikili-mini batut üzrə məşqlər də keçirilib. Məşqlərdə Avropa Gimnastikasının batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Babette van Wetering, vitse-prezidenti Luis Nunes və digər ölkələrin nümayəndələri Samuel Castro, Anette Dalsten, Sergio Lucas və Adil Hüseynzadə ekspert qismində çıxış ediblər.
Toplanış zamanı idman yönümlü hissəsi ilə yanaşı, iştirakçılar üçün maraqlı mədəni proqram da təşkil olunub. Ölkəmizə gələn gimnast və ekspertlər Bakının tarixini və müasirliyini əks etdirən görməli yerlərinə ekskursiya ediblər. Ölkəmizin zəngin tarixi, memarlığı və müasir inkişafı haqqında ətraflı məlumat əldə ediblər.
İdman.biz