RU

Bəzi şirkət rəhbərləri işçiləri dinləmir, onların fikirlərinə dəyər vermir PSİXOLOQ FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Müasir iş mühitində təkcə peşəkar bacarıqlar deyil, eyni zamanda kollektiv içindəki psixoloji münasibətlər də işçilərin məhsuldarlığına və rifahına ciddi təsir göstərir. Azərbaycanda bu sahədə aparılan son müşahidələr göstərir ki, bir çox iş yerində həmkarlar arasında, həm də rəhbərlə işçi arasında psixoloji basqılar və qeyri-sağlam münasibətlər getdikcə daha çox yayılmaqdadır. Əmək mühitində ən çox müşahidə olunan, amma az danışılan problemlərdən biri də psixoloji təhlükəsizlik çatışmazlığıdır. Bu mələsədə istər işçilər, istərsə də müdiriyyət ciddi yanaşma göstərmir. Halbuki məhz bu problemə görə bir çox işçi iş yerindən ayrılmaq məcburiyyətində qalıb. 

Mövzu ilə bağlı psixoloq Nizami Orucov Avtosfer.az-a açıqlamasında bildirib ki, psixoloji təhlükəsizlik — işçinin cəzalandırılmaqdan və ya alçaldılmaqdan qorxmadan öz fikrini, ideyasını, narahatlığını sərbəst ifadə edə bilməsidir.

“Bu, komanda ruhunu gücləndirir, yaradıcılığı və əmək məhsuldarlığını artırır. Çox şirkətdə rəhbərlə işçilər arasında məsafə var. İşçilər fikirlərini rahat deyə bilmirlər, çünki rəhbərlərin tənqidə və fərqli fikirə qarşı dözümsüz olduğu hallar çoxdur. Bu da insanlarda qorxu və susqunluq yaradır. İşçilər niyə rəhbər qarşısında öz fikirlərini açıq şəkildə ifadə edə bilmirlər? Çünki işdən çıxarılmaqdan, səhv başa düşülməkdən və mənfi münasibətlə üzləşməkdən qorxurlar. Bəzən rəhbərlər işçiləri dinləmir, onları anlamır və fikirlərinə dəyər vermirlər. Bu səbəbdən işçilər özlərini ifadə etməkdə çətinlik çəkirlər”.

Psixoloq, həmçinin, qeyd edib ki, şirkətlərdə sağlam psixoloji mühitin formalaşması üçün müəyyən addımlar atılmalıdır. 

“Rəhbərlərin emosional intellekti və dinləmə bacarığı inkişaf etdirilməlidir, fikir bildirən işçilər təşviq olunmalı, cəza deyil, dəstək mədəniyyəti qurulmalıdır, daxili anonim rəy sistemləri yaradılmalı və geri dönüş təmin olunmalıdır, komanda təlimləri və psixoloji maarifləndirmə proqramları keçirilməlidir və s.”.

Sosioloq Lalə Mehralının fikrincə, xüsusilə yaşı çox olan rəhbərlər işçilərə sanki şəxsi əmlakları kimi yanaşırlar. 

“Bu onların idarəetmədə bildikləri və illərdir tətbiq etdikləri yeganə üsuldur. Elə düşünürlər ki, hədə-qorxu yolu ilə daha məhsuldar nəticə əldə etmək mümkündür.

İş mühitindəki rəqabət də işçiləri çox vaxt öz haqlarının tapdanmasına səssiz qalmağa vadar edir. Çünki iş yerləri az, namizədlər isə çoxdur. Bir çox hallarda işçilər rəhbərlə qarşıdurmadan çəkinir, bəzən də qeyri-qanuni işlədikləri üçün işdən çıxarılmaq qorxusu yaşayırlar. Əmək hüquqlarını bilməmək və dövlətdən aldığı hüquqlardan istifadə etməmək işçinin rəhbərlə sağlam və konstruktiv müzakirəyə girməsinə əngəl olur. Halbuki savadlılıq, xüsusilə də peşəyə və fəaliyyət sahəsinə aid qanunvericiliyi bilmək, hər zaman işçinin xeyrinədir”.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
avtosfer.az

1Источники