RU

Türkiyə vətəndaşını səfirlik qorudu, azərbaycanlı tələbə isə Polşada tək qaldı - İrqçi hücumun üzə çıxardığı acı həqiqət

  Polşanın paytaxtı Varşavada, Voyska 57 ünvanında azərbaycanlı tələbə İbrahim Talışinski və onun Türkiyə vətəndaşı olan dostu Muhammed Xurşid İspirin 10-12 nəfərdən ibarət olan irqçi qrup üzvlərinin hücumuna məruz qalması barədə xəbər vermişdik.

Referans xəbər verir ki,Musavat.com-a daxil olan məlumata görə, artıq İbrahim Talışinski və türkiyəli dostu istintaqa gedib və üzləşdikləri cinayətlə bağlı ifadə veriblər.

Maraqlıdır ki, Türkiyə vətəndaşı olan Muhammed Xurşid İspir istintaqa ifadə verərkən onu Polşadakı Türkiyə səfirliyinin hüquqşünası müşayiət edib. İbrahim Talışinski isə istintaqa tək gedib.

Tələbələrə hücum edən dəstə üzvləri “Polşa polyaklar üçündür” deməklə onlara qarşı təhdidedici ifadələr işlədib, polyak dilində danışmamalarını irad bildiriblər.

Bundan sonra tələbələrin üzünə bibər qazı sıxılıb. Bunun nəticəsində hər iki tələbə təngnəfəs olub, gözləri tutulub, yerə yıxılıblar.

Referans xəbər verir ki,İbrahim Talışinski Musavat.com-un əməkdaşına demişdi ki, küçədə dostu ilə getdikləri yerdə hücuma məruz qalıblar.

“Həmin ərazi Varşavanın tam mərkəzi hissəsidir. Türkiyəli dostumla söhbət edərək ərazidən keçirdik. Yaxınlıqdakı kafenin qarşısında dayanan 10-15 nəfər birdən üstümüzə yeridlər. Onlara fikir verməyib yolumuza davam edirdik ki, münaqişə olmasın. Orada çoxlu nəzarət kameraları da var. Heç kimə əl-qol atmadan ərazidən uzaqlaşmağa çalışırdıq. Olduqca qəzəbli, uca səslə qışqırıb-bağırmaqla “Polşa polyaklar üçündür” kimi ifadələrlə, təhdidedici sözlərlə bizi dövrəyə almışdılar. Onlara reaksiya vermədiyimizi görüb bir qədər aralaşdılar, sonradan yenə hücum edib üzümüzə bibər qazı sıxdılar”.

İbrahim Talışinski bildirmişdi ki, bundan sonra o və dostu olduqca ağır duruma düşüblər:

“Nəfəsimiz kəsilirdi, gözlərimiz görmürdü. Mən də, Türkiyə vətəndaşı Muhammed Xurşid İspir də yerdə yıxılmışdıq. Bəlkə də 3 saata qədər orada qalmışıq. İrqçi olmayan polyaklar bizə su verdilər, ilk köməkliyi göstərdilər. Bu gün Polşada sosial durum ağırlaşdıqca, yerli əhalinin xaricilərə qarşı münasibəti də kəskinləşir. Xaricilərin Polşada törətdiyi cinayətlər, etdikləri qeyri-etik hərəkətlər də yerli əhalinin xaricilərə münasibətinə təsir edir. Polyaklar nəinki keçmiş postsovet ölkərindən olan şəxsləri, Almaniyadan olanları da sevmirlər.

Məsələnin ən pis tərəfi odur ki, türkiyəli dostum bir balaca özünə gələndən sonra Türkiyə konsulluğuna, türklərin beynəlxalq yardım xəttinə baş verənlər barədə məlumat verdi, kömək istədi. Bundan sonra əraziyə 2 təcili yardım gəldi. Türk dostumu təcili yardımla hadisə yerindən götürdülər. Mənə isə dedilər ki, istəyirsən özün get xəstəxanaya. Halbuki, mən Türkiyə vətəndaşı olsaydım, məni də təcili yardımla xəstəxanaya götürəcəkdilər. Mən isə Azərbaycan vətəndaşı olaraq bir qaynar xətt nömrəsi tapıb özümüzünkülərdən kömək istəyə bilmədim”.

İ.Talışinski qeyd etmişdi ki, Polşada on minlərlə azərbaycanlı yaşayır və onlara qarşı zaman-zaman belə irqçi hücumlar olur:

“Bir müddət öncə buradakı aeroportda taksi sürücüsü əlində balta azərbaycanlının maşınına zərbə endirmişdi. Bir başqa azərbaycanlını da ayrı bir yerdə döymüşdülər. İstəyim odur ki, dövlətimiz belə hallarla bağlı Polşa hakimiyyətinə müraciət etsin, bizə qarşı belə əməllərə son qoyulması tələb olunsun”.

İbrahim Talışinski demişdi ki, hazırda sağlıq durumu qənaətbəxşdir:

“Bibər qazının təsirindən gözümdə görmə 7 faiz aşağı düşüb. Dostumla polisə gedib şikayət yazacağıq. Xahiş edirəm ki, məsələni Azərbaycan dövləti nəzarətə alsın”.

Musavat.com xatırladır ki, bu, Polşanın Varşava şəhərində azərbaycanlılara qarşı ilk irqçi hücum deyil. 2018-ci ildə Azərbaycan vətəndaşı, Varşava Turizm İnstitutunun tələbəsi Tural Şəfili gecə saatlarında qaz tapançası ilə silahlı hücuma məruz qalıb. Nəticədə tələbə xəsarət alıb. Həmin il Varşavanın Belvederska küçəsi yaxınlığında bir qrup azərbaycanlı tələbə, arasında erməni əsilli şəxsin də olduğu bir dəstə tərəfindən soyuq silahlarla hücuma məruz qalıb. Nəticədə tələbələr Qurban Qobaçov və Roman Hüseynov xəsarət alıblar. 2021-ci ildə Varşavada 6 azərbaycanlı tələbə tanımadıqları şəxslər tərəfindən soyadlarına görə təhqir edilərək soyuq silahlarla hücuma məruz qalıb. Nəticədə tələbələr xəsarət alıblar.

Bu hadisələr Polşada azərbaycanlılara qarşı irqçi münasibətin davamlı olduğunu göstərir. İrqçi hücumlar, təhqirlər və sosial diskriminasiya Polşa cəmiyyətində müəyyən qrupların xarici miqrantlara qarşı qərəzli münasibətinin nəticəsidir.

Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün həm Polşa hüquq-mühafizə orqanlarının, həm də Azərbaycan diplomatik qurumlarının fəal müdaxiləsi vacibdir. Türkiyənin Polşadakı səfirliyi öz vətəndaşına sahib çıxdığı kimi, bu ölkədəki Azərbaycan Respublikasının səfirliyi də hərəkətə keçməli, cinayətlə üzləşən tələbənin müdafiəsini təmin etməlidir.

Избранный
15
referans.az

1Источники