İran prezidenti həmçinin bu yaxınlarda Bakıya səfəri ilə bağlı ölkə daxilində səsləndirilən tənqidlərə sərt reaksiya verib: "Əgər iki qonşu ölkəarasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir. Əlaqə yaradılmayıbsa, günah bizdədir".
M.Pezeşkianın bu açıqlaması İran siyasətində nadir hallarda müşahidə olunan açıq etiraf nümunəsidir. Görünür, o, məsuliyyəti İranın üzərinə götürməklə həm daxili ictimaiyyəti sakitləşdirməyə (xüsusilə Güney azərbaycanlıları), həm də Azərbaycanla yeni səhifə açmağa çalışır.
Məsələ ondadır ki, Tehran uzun müddətdir Bakı ilə münasibətlərində bir tərəfdən dini və ideoloji yaxınlığı vurğulasa da, digər tərəfdən regional rəqabət, İsraillə bağlı narahatlıqlar və geosiyasi şübhələrlə əlaqələri gərgin saxlayıb. Pezeşkianın dedikləri yeni yanaşmanın başlanğıcı ola bilər, amma İran siyasi sistemində prezidentin real təsir imkanları məhduddur. Ona görə bu sözlərin həyata keçməsi üçün təkcə onun iradəsi kifayət etmir, arxasında sistemin bütöv dəstəyi olmalıdır.
Hesab edirəm, Pezeşkianın dedikləri ya onun subyektiv görüşü, ya da təmsil olunduğu islahatçıların konstruktiv yanaşmasıdır. Lakin bütün hallarda Azərbaycanla yeni səhifə açmağa çalışsa belə, ölkəsinin sistemindən dəstək alması çətin görünür. İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi ardıcıl neqativ fikirlər bunu deməyə əsas verir. Əli Əkbər Vilayəti heç də bəsit adam deyil və sistemin sütunu, qurucu babalarındandır. Çəki və nüfuz etibarilə Pezeşkianla müqayisədə çox daha təsirli fiqurdur. Sistemin real düşüncəsinin təcəssümüdür.
Təəssüf ki, İran-Azərbaycan münasibətləri uzun müddət qarşılıqlı güvənsizlik üzərində qurulub. İsrailin Azərbaycanla qurduğu əlaqələr praktiklik, qarşılıqlı maraq və daha az ideoloji yanaşma ilə irəliləyir. İran isə öz ideoloji və təhlükəsizlik baxışlarını önə çəkdiyi üçün çox zaman təklif etdiyi münasibət formatı cazibədar görünmür.
Bununla belə, Pezeşkian fərqli və daha çevik siyasət apara bilər. Amma bunun üçün o, İranda sistemli dəyişiklik etməlidir. Məhz bundan sonra onun dediklərini real qəbul etmək olar. Onun səmimiyyəti mövcud problemlərin həlli üçün yetərli deyil.
Turan Rzayev