Rusiyanın dövlət media agentliyi TASS “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Xəbərdə Xankəndi şəhərinin “Stepanakert” adı ilə təqdim olunması sadəcə terminoloji yanlışlıq deyil, həm də məqsədli, qərəzli və təhlükəli informasiya təxribatıdır.
Bu yanaşma nə jurnalist etikasına, nə beynəlxalq hüquqa, nə də 2020-ci ildən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmaların mahiyyətinə uyğundur.
“Stepanakert” toponimi Azərbaycanın suverenliyinə hörmətsizlikdir
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi BMT başda olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır və 2023-cü ilin sentyabrında Xankəndidə dövlət suverenliyi tam bərpa olunub. Bu kontekstdə Rusiya kimi bir ölkənin dövlət informasiya agentliyinin separatçıların istifadə etdiyi terminlərə istinad etməsi rəsmi Moskvanın ikili standartlarla hərəkət etdiyini və Azərbaycana qarşı yönəlmiş informasiya siyasətini üzə çıxarır.
Qeyd edək ki, “Stepanakert” toponimi Sovet dövründə və daha sonra separatçı rejimin qanunsuz idarəçiliyi zamanı istifadə olunub. Bu adın müasir dövrdə rəsmi sənəd və xəbərlərdə işlədilməsi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir.
Rəsmi Bakının sərt reaksiyası
Azərbaycanın Xarici İşlər Nazirliyi TASS-ın sözügedən təxribatına qarşı sərt reaksiyası tamamilə haqlı və yerindədir.
“Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir. Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi Rusiya ərazisində bir çox yaşayış yerlərini öz əzəli adları ilə qeyd edə bilər. TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur,” deyə nazirlik bəyanatında bildirir.
Üzürü qəbahətindən böyük
Rəsmi Bakının sərt reaksiyasından sonra agentlik bu ifadəni silərək “Dağlıq Qarabağ” sözlərini yazmaqla “düzəliş” etdiyini düşündü. Lakin bu “dəyişiklik” Azərbaycan üçün nə qəbulediləndir, nə də beynəlxalq hüquqa uyğundur.
Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Rusiya dövləti və onun rəsmi informasiya orqanı olan TASS Xankəndi şəhərinə qondarma adla müraciət etməklə beynəlxalq hüququ pozmuş, daha sonra isə vəziyyəti düzəltmək əvəzinə, “Dağlıq Qarabağ” kimi artıq mövcud olmayan, hüquqi statusdan məhrum edilmiş bir ifadəni istifadə etməklə yeni təhrifə imza atmışdır.
Hüquqi reallıqlara qarşı informasiya təxribatı
Unutmaq olmaz ki, “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi nə Azərbaycanın hazırkı inzibati bölgüsündə, nə də beynəlxalq hüquq sənədlərində mövcuddur. Bu termin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi dövrdə bəzi dairələrin manipulyasiya vasitəsinə çevrilmişdi. Lakin 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın tam suverenliyi bərpa olunmuş, bölgədə istənilən separatçı struktur ləğv edilmişdir.
TASS agentliyinin bu tip dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünə zidd mövqe nümayiş etdirməsi, bilavasitə informasiya müharibəsinin bir aləti kimi çıxış etməsi deməkdir. Beynəlxalq informasiya orqanları, xüsusilə TASS kimi dövlətə bağlı qurumlar, geosiyasi maraqlar naminə rəsmi adlar və statuslar üzərində manipulyasiya etmək əvəzinə, obyektiv və hüquqa əsaslanan yanaşma sərgiləməlidirlər. Əks halda, belə davranışlar medianın informasiya vasitəsi yox, təxribat aləti kimi qəbul edilməsinə yol açır.
Rusiya media ilə müharibə aparır
Azərbaycan Mətbat Şurasının İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli TASS egentliyinin bu hərəkətini Rusiya ilə Azərbaycan arasında artan siyasi gərginliyin və informasiya müharibəsinin bariz təzahürü kimi qiymətləndirib.
O, APA-ya açıqlamasında qeyd edib ki, TASS agentliyinin Xankəndini "Stepanakert" kimi təqdim etməsi, daha sonra bu adın "Dağlıq Qarabağ"la əvəzlənməsi heç də təəccüblü deyil.
“Çünki bu cür davranışlar hazırda Azərbaycanla Rusiya arasında gərginləşmiş siyasi münasibətlərin ifadəsidir və Rusiya kütləvi informasiya vasitələrinin Azərbaycana qarşı apardığı soyuq, psixoloji və ən dəqiq ifadə ilə desək, informasiya müharibəsidir. Ümumiyyətlə, Rusiya hakim dairələri heç vaxt Azərbaycana Qarabağ kontekstində səmimi yanaşmayıblar. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirdilər, digər tərəfdən isə "Artsax" ensiklopediyası buraxır, "Lazarev klubu" yaradırdılar. Erməni millətçiliyini qızışdırmaq üçün ciddi addımlar atırlar və hesab edirəm ki, indiki davranışlar da bunun davamıdır. Mənə elə gəlir ki, əgər TASS bu cür təxribatlarla məşğul olmağa davam etsə, gələcəkdə onun Azərbaycandakı fəaliyyətini dayandırmaq, qadağan etmək və ya məhdudlaşdırmaq lazımdır. Eləcə də Azərbaycana qarşı informasiya müharibəsi aparan Rusiya saytlarının və televiziya kanallarının fəaliyyəti də bu şəkildə məhdudlaşdırılmalıdır. Çünki dövlətlər, ilk növbədə, bir-birinin ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməlidirlər. Əgər Rusiya bunu etmir, Azərbaycan da analoji addımlar atmalıdır,” deyə o, vurğulayıb.
TASS geri addım atmağa məcbur oldu
Rusiyanın dövlət agentliyi TASS, Azərbaycanın haqlı narazılığı və sərt diplomatik reaksiyalarından sonra növbəti düzəlişə əl atmağa məcbur qalıb. Belə ki, iyulun 31-də yayımlanan və Xankəndini əvvəlcə “Stepanakert”, daha sonra isə “Dağlıq Qarabağ” kimi təqdim edən TASS, bu ifadələrin yaratdığı ciddi narazılıqlardan sonra xəbər sərlövhəsini bir daha dəyişdirib. Nəhayət, agentlik şəhərin tarixi və beynəlxalq hüquqa uyğun adı olan Xankəndini qeyd etməyə məcbur olub.
Bu hadisə göstərdi ki, Azərbaycan cəmiyyətinin və rəsmi dairələrinin prinsipial mövqeyi informasiya müharibəsi cəhdlərinə qarşı təsirli cavab verir. TASS-ın bu addımı yalnız texniki düzəliş deyil, həm də Azərbaycanın informasiya suverenliyinin növbəti diplomatik qələbəsidir. Xankəndi adı təkcə bir şəhərin yox, həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin simvoludur.