AZ

Hikmət Babaoğlu: Ayvazovskinin heykəli Rusiya sülhməramlılarının "qoltuğunda" Xankəndiyə gətirilmişdi -  MÜSAHİBƏ

Rusiya ilə Azərbaycan arasında münasibətlər zaman-zaman müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq və maraqlar çərçivəsində inkişaf etsə də, bəzən bu münasibətlərə süni şəkildə kölgə salmaq cəhdləri müşahidə olunur. Xüsusilə də son dövrlərdə informasiya manipulyasiyası, tarixi faktların təhrif edilməsi və mədəniyyət məsələlərinin siyasiləşdirilməsi bu istiqamətdə əsas vasitəyə çevrilib.

Bunun son nümunəsi kimi, Xankəndi şəhərində yerləşən və Azərbaycanla heç bir tarixi və mənəvi bağlılığı olmayan Ayvazovskinin heykəli ətrafında qəsdən yaradılan informasiya səs-küyünü göstərmək olar.

Sözügedən heykəl 2020-ci ildən sonra, Rusiya sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi ilə eyni dövrdə, onların dəstəyi və müşayiəti ilə Xankəndiyə gətirilmişdi. Reallıqda isə bu heykəl sülhməramlı missiya başa çatdıqdan sonra həmin qüvvələrlə birlikdə ərazidən çıxarılmalı idi. Amma bu baş vermədi və indi bu məsələ əsassız iddialarla Azərbaycan ictimaiyyətinə qarşı yönəldilməyə çalışılır. Daha narahatedici məqam isə odur ki, bu cür təxribatçı yanaşmalara Rusiya dövlətinin rəsmi informasiya qurumları, o cümlədən, TASS agentliyi də cəlb olunub.

Əslində, bu cür informasiyalar heç də sırf mədəniyyət kontekstində baş vermir. Burada məqsəd Ermənistanla münasibətlərin normallaşdığı, sülh prosesinin irəlilədiyi və Azərbaycanın öz suverenliyini tam bərpa etdiyi bir dövrdə yenidən yeni gərginlik ocaqları yaratmaq, diqqəti əsas proseslərdən yayındırmaq və bölgədə Rusiyanın maraqlarını qorumaq üçün informasiya alətindən istifadə etməkdir. Azərbaycan isə bu cür addımlara qarşı həm diplomatik, həm də informasiya müstəvisində cavab vermək gücündədir.

Mövzuya daha dərindən baxdıqda, məsələ yalnız bir heykəlin durub-durmaması ilə bağlı deyil. Bu, Rusiya-Azərbaycan münasibətlərinin məhz hansı məntiq və çərçivə üzərində inkişaf etməli olduğunu gündəmə gətirən daha geniş geosiyasi və informasiya mübarizəsinin bir epizodudur. Azərbaycanın suveren ərazilərində tarixi saxtalaşdırmağa yönəlmiş hər hansı cəhd qəbulolunmazdır və bu məsələ də istisna deyil.

Məsələyə aydınlıq gətirmək üçün Bakıvaxtı.az deputat, siyasi şərhçi Hikmət Babaoğlu ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik: 

- Hikmət müəllim, Xankəndidəki Abazovskinin heykəli ilə bağlı Rusiya tərəfinin iddialarını necə dəyərləndirirsiniz?

Çox təəssüf ki, Rusiya tərəfi yenidən uydurma bir problem yaradaraq Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirməyə çalışır. Bu, açıq-aşkar təxribat cəhdidir. Ayvazovskinin heykəli vaxtilə Rusiya sülhməramlılarının "qoltuğunda" Xankəndiyə gətirilmişdi. Onlar bölgədən çıxarkən həmin heykəli də özləri ilə aparmalı idilər. Amma bu edilmədi və indi həmin məsələni guya mədəniyyət dəyəri adı altında qabartmağa çalışırlar. Burada məqsəd aydındır: Azərbaycanın informasiya suverenliyini və mənəvi haqqını zədələmək.

- Bu məsələdə Rusiya mediasının, xüsusilə TASS-ın rolu, sizcə, necə görünür?

- Çox təəssüf ki, Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS da bu oyunun bir parçasına çevrilib. Bu cür yanaşmalar, iki ölkə arasında qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə uyğun gəlmir. TASS-ın birtərəfli yanaşması, informasiya siyasətində manipulyasiyanın təzahürüdür. Biz isə bu cür yanaşmalarla razı deyilik və açıq şəkildə bildiririk ki, Azərbaycanın mədəniyyətinə və dövlət suverenliyinə bu cür yersiz müdaxilələr yolverilməzdir.

- Azərbaycan da cavab olaraq Rusiya şəhərlərinin adlarını türkcə təqdim edə bilər. Siz necə düşünürsünüz?

- Bəli, əgər sabahdan etibarən Azərbaycan mediası Rusiya Federasiyasındakı bölgələrin adlarını tarixi türk adları ilə təqdim etməyə başlasa – məsələn, Dəmir Qapı Dərbənd, İdil-Ural, Türk-Sibir, Altay vilayətləri kimi. Rusiyalı həmkarlarımızın buna reaksiyası necə olacaq? Mən əminəm ki, bu, Rusiya tərəfindən xoş qarşılanmayacaq. Amma burada məsələ intiqam deyil. Məsələ ondan ibarətdir ki, başqasına qarşı hansı üslubla yanaşırsansa, eyni yanaşmaya hazır olmalısan.

- Xankəndi və Stepanakert toponimləri məsələsinə də toxundunuz. Bu barədə nə demək istərdiniz?

- Unutmayaq ki, “Stepanakert” adlı toponim 1923-cü ildə süni şəkildə yaradılmış bir qondarma qurumun nəticəsidir. Azərbaycanın əzəli şəhəri olan Xankəndi isə tarix boyunca bu adı daşıyıb. Stepan Şaumyan isə Azərbaycan xalqına düşmən münasibəti ilə tanınan, repressiyalarla bağlı adı hallanan bir şəxs olub. Belə bir şəxsin adını daşıyan toponimi diriltmək cəhdləri tarixi saxtalaşdırmaq deməkdir. Biz bunu qəbul etmirik və etməyəcəyik.

- Sonda, ümumi olaraq bu prosesləri necə qiymətləndirirsiniz?

- Burada söhbət təkcə bir heykəldən getmir. Bu, Azərbaycanın informasiya və ideoloji müstəvisinə qarşı aparılan bir kampaniyadır. Ayvazovski kimi uydurma anlayışlar, heykəl spekulyasiyaları, tarixi saxtalaşdırmalar – bütün bunlar Azərbaycanın suverenliyinə qarşı yönəlmiş yumşaq təzyiq üsullarıdır. Bizim cavabımız isə aydındır: Azərbaycan dövləti bu cür oyunlara gəlməyəcək. Biz qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıyıq. Rusiya tərəfi isə anlamalıdır ki, Azərbaycanın qapısı dəmir qapıdır. Və hər daşın cavabı var.

Əli Hüseynov

Seçilən
111
50
bakivaxti.az

10Mənbələr