"Xızı-Abşeron" külək elektrik stansiyasında (KES) Abşeron rayonu üzrə 12, Xızıda isə hər birinin gücü 6.5 MVt olan 25 külək turbinindən 9-nun quraşdırılması başa çatıb.
Day.Az xəbər verir ki, bu sözləri Trend-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müsahibəsində deyib.
O bildirib ki, turbinlərin quraşdırılmasında əlverişli hava şəraiti çox böyük rol oynayır: "İstənilən halda 2025-ci ilin sonunadək bütün turbinlərin quraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir.
Eyni zamanda "Nəvahi" yarımstansiyasının tikintisi ilə bağlı işlərə start verilib. 330 kV-luq "Nəvahi" yarımstansiyasının 330 kV-luq hissəsinin tikintisi Azərbaycan tərəfindən, 500 kV-luq hissəsi isə Dünya Bankının ayırdığı 173 milyon dollar vəsait hesabına həyata keçirilir".
Direktor agentlik olaraq yerli istehsalın təşviqi məqsədilə günəş və külək texnologiyaları üzrə istehsalçılarla danışıqların aparıldığını vurğulayıb: "Bugünədək bizdə quraşdırılan avadanlıqlarda, günəş, külək stansiyalarında Çin texnologiyalarından istifadə olunub.
Təbii ki, bu layihələrin inkişafı istehsalçı şirkətlərin Azərbaycana marağını xeyli artırır. Biz bərpa olunan enerji sahəsində qarşılıqlı razılaşma əsasında müəyyən texnoloji həllərin tam və yaxud hansısa bir hissələrinin Azərbaycanda təşkil ediləcəyini gözləyirik. İnnovativ inkişaf yalnız bununla məhdudlaşmır. Bizdə bərpa olunan enerji mənbələri sahəsində müəyyən təhsil layihələri də həyata keçirilir. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin bir universiteti arasında bu istiqamətdə işlər gedir. Yəni artıq xarici investisiya, xarici avadanlıq, xarici mütəxəssislərdən yerli podratçılara, texnologiyalara yönəlməyə doğru addımlayırıq. Azərbaycanda bu sahədə mütəxəssis hazırlığı da davam etdirilir. Müqavilələrimizdə də o tələb var ki, əgər hansısa bir sahədə Azərbaycanda mütəxəssis varsa, həmin layihədə azərbaycanlı mütəxəssisin iştirakı təmin olunmalıdır".
"Bir sözlə, bərpa olunan enerji sahəsində lokallaşdırma məsələsinin öz həllini tapması üçün əlimizdən gələni etməyə çalışırıq. Eyni zamanda Azərbaycanda istehsal olunan avadanlıqlar qonşu ölkələrə, Qazaxıstana, Özbəkistana da ixrac edilə bilər. Bu çox ciddi kompleks məsələlərdir", - deyə C. Abdullayev qeyd edib.