RU

Bir möcüzə gözləyirdik, amma olmadı... 

Arif Babayev mənim üçün muğamımızın, segahımızın atasıdır, deyərdim.

Bunu Əməkdar artist Aybəniz Haşımova bu gün vəfat edən Xalq artisti Arif Babayevlə bağlı təəssüratlarını Modern.az-a bölüşən zaman deyib.

“Bəlkə də bir çoxları bilmir, Arif müəllim Şövkət xanımla birlikdə, eyni sinifdə, Zakir Əliyev, Könül Xasıyeva, Nuriyə Hüseynova, Elçin Cəlilov və daha bir çox gözəl sənətkarlarımızın yetişməsində, sənətkar kimi püxtələşməsində böyük rol oynayıb. Onların həm sənət bilicisi, həm də əsl müəllimi olub.

Mənim öz sənət yolumda da Arif müəllimin əvəzsiz rolu var. “Leyli və Məcnun” operasında Leyli obrazının hazırlanmasında onunla birgə çalışmışıq, eyni zamanda əsərin bir neçə şöbəsini Arif müəllimlə birlikdə oxumuşuq. Bu obrazın formalaşmasında onun müstəsna əməyi olub”.

Arif Babayev, təkcə müəllim deyildi.

“Konsertlərdən sonra gec saatlarda qız tələbələri tək buraxmamaq üçün onları öz maşını ilə bir-bir evlərinə qədər aparardı. “Qız uşaqlarıdır, yolda problem olar” deyə düşünüb, onların təhlükəsizliyini öz övladları kimi düşünərdi.

Bu insani keyfiyyətləri biz başqa müəllimlərdə nadir hallarda görmüşük. Onlar bizim üçün həm sənətdə, həm də insanlıqda nümunə idilər. Bu gün biz də öz tələbələrimizə müəllimlərimizdən gördüyümüz sənəti, dəyərləri ötürməyə çalışırıq. Adlarını çəkdiyim bütün tələbə yoldaşlarımla birlikdə, biz onların hər birinə - xüsusilə də Arif müəllimə borcluyuq.

Şükürlər olsun ki, Arif müəllimlə halallaşa bildim. Onun mənim üzərimdəki əməyi ömrümün sonuna qədər yaddaşımda qalacaq. Necə ki, ata-anama dua edirəm, Arif müəllim üçün də elə dualar edirəm ki, o dünyada yeri rahat olsun.

Son günlərdə beynimdə, ruhumda, dualarımda yalnız onu düşünürdüm: bəlkə sağalar, bəlkə düzələr… Bir möcüzə gözləyirdik. Amma möcüzə olmadı... Arif müəllim bu dünyayla əbədi vidalaşdı.

Başımız sağ olsun. Xalqımız sağ olsun. Sənətimiz sağ olsun.

Əlvida, Arif müəllim. O biri dünyada görüşənədək...”

1453104

Избранный
15
modern.az

1Источники