36 yaşlı qabonlu veteran mərkəz hücumçusu Pyer-Emerik Obameyanq azad agent qismində Marsel “Olimpik”inə qoşulub.
Arena.az bu barədə “Olimpik”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Xatırladaq ki, bir müddət əvvəl Obameyanq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Kadisiya”dan ayrılmışdı. Obameyanq müqaviləsinə birtərəfli qaydada xitam vermişdi. Qabonlu futbolçu 2024-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqavilə imzalamış və Marsel “Olimpik”indən ərəb klubuna keçmişdi.
Obameyanq “Milan”ın məzunudur. Hücumçu, karyerası ərzində icarə əsasında “Dijon”, “Liil” və “Monako”da və həmçinin tamhüquqlu əsasda “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona”, “Çelsi”, “Olimpik” (Marsel) və “Əl-Kadisiya”da çıxış edib.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Obameyanq “Əl-Kadisiya” üçün 36 oyuna çıxıb, 21 qol vurub, 3 məhsuldar ötürmə verib.
Pyer-Emerik Obameyanq 2009-cu ilin mart ayında debüt etdiyi Qabon yığmasının heyətində 78 oyuna 35 qol vurub, 10 məhsuldar ötürmə verib. Əlavə edək ki, Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan vətəni Qabonun xeyrinə seçim edib.
“Transfermarkt” internet-portalı 36 yaşlı qabonlu veteran mərkəz hücumçusunun transfer dəyərini 3,50 milyon avro məbləğində qiymətləndirir.