Əlverişli geosiyasi məkanda yerləşən Azərbaycan dünyanın enerji xəritəsini yeniləməklə əməkdaşlıqda qarşılıqlı etimad prinsiplərinə, şaxələndirmə siyasətinə də sadiqdir
Bu ilin iyun ayında keçirilən Bakı Enerji Həftəsində qeyd olunduğu kimi, getdikcə daha ciddi risklər yaradan elektrik enerjisi və təbii qaz qıtlığının aradan qaldırılması, karbohidrogen resurslarından səmərəli istifadə yollarının axtarılması ilə bağlı müzakirələr hələ də aktuallığını qoruyur. Bu baxımdan bərpaolunan enerjidə texniki potensialı quruda 135 , dənizdə 157 giqavat təşkil edən Azərbaycanın enerji resurslarına artan tələbat təbiidir. Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkətinin inşa etdiyi 230 meqavatlıq Günəş enerji stansiyasının istifadəyə verilməsi, Səudiyyə Ərəbistanının «Acwa Power”» şirkətinin 240 meqavatlıq külək enerjisi stansiyasının inşası ilə ölkəmizin enerji ehtiyatı daha da artacaq. «2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb» söyləməklə Azərbaycanın ixrac bazarlarında rolunun, Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinə marağın artdığını qeyd edən Prezident İlham Əliyev artıq texniki-əsaslandırma işlərinin bu yaxınlarda sona çatacağını bildirib.
Azərbaycanın «Yaşıl» gündəliyi, Naxçıvan Muxtar Respublikasnın, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkə iqtisadiyyatının inkişafını, enerji siyasətimizin koordinasiyasını, şaxələndirilməsini sürətləndirir. Azərbaycanın beynəlxalq tərəfdaşları ilə birgə fəaliyyəti nəticəsində bərpaolunan enerji resurslarına transformasiyada və qazıntı yanacağının uzun illər ərzində istifadəsi sayəsində mühüm əhəmiyyətə malik təcrübə özünü doğruldur. Dəfələrlə qeyd olunmuş «Eenerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir» deyimi enerjiyə tələbatın artdığı bu günlərdə daha aktual səslənir. İdxaldan asılı olan ölkələr ən etibarlı və uzunmüddətli tərəfdaşlar axtarır. Ötən illərin təcrübəsi göstərir ki, sözü imzası qədər dəyərli olan Azərbaycan xüsusilə Avropa ölkələri üçün ən etibarlı bazardır. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanuni hüquq qazanıb. Bunun nəticəsidir ki, ölkəmiz bərpaolunan enerji sahəsində növbəti sürətli inkişaf ərəfəsindədir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər də deyilənlərə əlavə olunsa, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi ölkəmizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Azərbaycanın bərpaolunan enerji potensialı, aparılmış ilkin hesablamalara görə, yalnız texniki baxımdan yox, iqtisadi və institusional baxımdan da cəlbedicidir. Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Səudiyyə Ərəbistanının « ACWA Power» və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkətləri ilə əməkdaşlıqlar artıq reallaşır.
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə media nümayəndələri tərəfindən verilən çoxsaylı sualları obyektiv cavablandıraraq ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən nəhəng layihələrə, müxtəlif qlobal çağırışlara, bölgədə və dünyada baş verən hadisələrə təhlili yanaşma tərzi ilə fərqlənən Azərbaycanın enerji diplomatiyasının uğurlarından bəhs edən Prezident İlham Əliyev perspektivlər barədəki inamlı açıqlamaları ilə diqqəti cəlb etdi.
Dövlətimizin başçısnın vurğuladığı kimi, Azərbaycanda enerji keçidi dövründə bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası” kimi inkişafı istiqamətində zəruri addımlar atılır. «Xəzər-Qara dəniz-Avropa» yaşıl enerji dəhlizi” layihəsi böyük perspektiv vəd edir.
Regional və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi böyük nüfuz qazanan, dünyanın enerji siyasətinin yenlənməsində xüsusi rolu olan, bölgənin gələcək inkişafı üçün böyük imkanlara malik Azərbaycan enerji, nəqliyyat və kommunikasiya dəhlizləri vasitəsilə Avropa, Asiya və Mərkəzi Asiya ölkələrini birləşdirən körpü rolunu inamla davam etdirir. Bu təşəbbüslər regional iqtisadi tərəqqiyə təkan verməklə yanaşı, Azərbaycanın qlobal əməkdaşlıqda vacib aktor kimi mövqelərini möhkəmləndirir.
Şuşa Forumunda qeyd olunduğu kimi, 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ölkəmizdə ən azı 6 giqavatlıq yaşıl enerji, o cümlədən Günəş, külək və su elektrik enerjisi istehsal olunacaq. «Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər» sözləri ilə ölkəmizin iqlim dəyişmələrinin yaratdığı problemlərin həllində də fəal iştirak edəcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, faydalı qazıntıları diqqətdən kənarda saxlamaq olmaz: «Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik.»
Bəlli olduğu kimi, ölkəmizdə «Yaşıl Keçid Proqramı» həyata keçirilir. Lakin neft və qaz olmadan gələcək inkişafı da təsəvvür etmək yanlışdır. «Ölkəmizdə COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz elə konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik ki, karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olunsun. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi» söyləyən Prezident İlham Əliyev iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması ilə bağlı əldə olunan razılığı müsbət nəticə adlandırdı. Göründüyü kimi, Azərbaycanın «Yaşıl» gündəliyinin , enerji sahəsində şaxələndirmə siyasətinin, müxtəlif tərəflər arasında anlaşmaq səylərinin BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilməsi ölkələr arasındakı mühitini möhkəmləndirir.
Hazırda beynəlxalq səviyyədə yaşıl enerji layihələrinə artan diqqət təkcə Azərbaycanda deyil, Günəş və külək elektrik enerjisi stansiyaları yaradılan Mərkəzi Asiya ölkələrində də hiss olunur. Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi əsasında sənədin imzalanması, ölkələrarası infrastrukturun birləşməsi ilə bağlı razılığın əldə olunması Qlobal Cənubun enerji siyasətində mühüm addım hesab olunur. Əvvəllər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənədin imzalanmasını, Qara dənizin dibi ilə yaşıl enerji kabelinin çəkilisini nəzərə almaqla söyləmək olar ki, bu cür mühüm layihələr təkcə Cənubi Qafqazı deyil, geniş coğrafiyanı əhatə edir. Bütün təşəbbüslərin mərkəz nöqtəsi Azərbaycandır. Bu coğrafiya isə dəyişilməzdir. Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlərdən də aydın olur ki, Azərbaycan qlobal layihələrin ayrılmaz hissəsi , əsas qovşağıdır. Artıq Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Azərbaycanın təşəbbüsü ilə yeni interkonnektorlardan istifadə olunur. Əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün isə əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bu reallığı və enerjə ehtiyacı nəzərə almalı və siyasətlərində dəyişiklik etməlidirlər. Çünki hələ də davam edən Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlar da göstərir ki, Avropanın Azərbaycanın təbii qazına, yaşıl enerjisinə həmişəkindən daha çox ehtiyacı var. Digər səbəb isə geosiyasi baxımdan əlverişli ərazidə yerləşən, 12 ölkəyə qaz ixrac edən ölkəmizin Avropa və Asiyanı əhatə edəcək meqalayihələrin icrasında böyük təcrübəyə malik olmasıdır. Ölkəmizin perspektiv üçün enerji siyasəti 2030-cu ilə qədər bu gün 25 milyard kubmetr olan qaz hasilatını daha 8 milyard kubmetr artırmaqla 33 milyard kubmetrə çatdırmaqdır. « Əlavə 8 milyard kubmetr üçün bazarlar müəyyən edilir. Biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk. Bazara çıxış baxımından da biz bu məsələləri kommersiya prinsipləri əsasında dəyərləndiririk» sözləri ilə ölkəmizin enerji ehtiyatlarının tükənməzliyini vurğualyan Prezident İlham Əliyev bir məsələni də diqqətə çatdırır ki, Azərbaycan qarşılıqlı əməkdaşlıq prinsiplərinə etiramla yanaşmaqla, etibarlı tərəfdaşlığa, verilən sözə sadiqliyə da dəyər verən ölkədir.
Xuraman İsmayılqızı, "İki sahil"