Bəs mənzil amnistiyasından kimlər kənarda qalacaq?
Son 30-40 ildir ki, Azərbaycanda on minlərlə insan yaşadığı evlərə və torpaqlara dair çıxarış (kupça) ala bilmir. Bu səbəbdən də həmin insanlar hələ də hüquqi qeyri-müəyyənlik içərisində yaşayırlar. Xüsusilə Sovet dövründə vətəndaşlara ayrılmış torpaq sahələrinin sonrakı taleyi, qanuni statusu illərlə həll olunmamış qalırdı. Nəhayət, Prezident İlham Əliyevin Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı 2025- ci il 16 iyül tarixli Fərmanı sözügedən problemin həllinə yeni imkanlar yaradır.
İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuata açıqlamasında bildirib ki, bu Fərman 2015-ci ildə qəbul edilmiş 439 nömrəli sənədə əlavə və dəyişiklikləri nəzərdə tutur. Bununla da ən azı 100 minə yaxın vətəndaş sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı qazanacaq. Əslində, sözügedən Fərmanı sənədsiz evlərə dair amnistiya da adlanıdırmaq da olar.
Fərmana əsasən, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair proseslər asanlaşdırılıb. Belə ki, həmin əmlaklar üzərində hüquqların təmin edilməsi zamanı şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktları tələb edilməyəcək.
Eyni zamanda, qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq. Artıq Fərmana əsasən Sovet dövründə vətəndaşlara verilmiş torpaq sahələrinin mülkiyyət hüququnun tanınmasına və bu torpaqlar üzərindəki evlərin sənədləşdirilməsinə start verilib.
Bəs sözügedən Fərman müstəqillik illərində yerli bələdiyyələr tərəfindən verilmiş torpaqlara şamil edilcəkmi? Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən bildirilib ki, 1995-ci ildən sonra, xüsusən də bələdiyyələrdən sadəcə kağız əsasında torpaq almış və heç bir arxiv sənədi olmayan şəxslər hələlik bu prosesdən kənarda qalacaqlar.
Lakin burada bir istina hal da var. Belə ki, 2001-ci il yanvar ayının 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport sənədləri əllərində olan vətəndaşlar da evlərinə çıxarış ala biləcəklər. Bunun üçün vətəndaşın əldə etdiyi texniki pasportlarda torpaq sahəsinin ölçüsü göstərilməlilir.
Əmlak məsələri üzrə ekspertlər bu qənaətdədirlər ki, Fərman əmlak münasibətlərində keyfiyyət dəyişikliyinə yol açmaqla bərabər, həm də ölkənin əmlak bazarına yeni nəfəs gətirəcəkdir. Xüsusilə sənədsiz evlərin sahiblərinə mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanı yaradılması ölkə iqtisadiyyatına müsbət təsir edəcək.
Ona görə ki, sənədləşdirilmiş evlər artıq ipoteka, bank krediti, sığorta və digər kommersiya məqsədləri üçün istifadəyə yararlı olacaqdr. Nəticədə qiymətləndirmə bazarı, sığorta sektoru və vergi daxilolmaları genişlənəcək. Ən başlıcası isə özəlləşdirmə prosesindən dövlət büdcəsinə on milyonlarla manat vəsait daxil olacaqdır.
Bundan başqa, mənzillərə çıxarışların verilməsi evlərin bazar dəyərinə də ciddi təsir göstərəcək. Əgər əvvəllər sənədsiz evlər ucuz satılırdısa, çıxarış alındıqdan sonra onun qiyməti bir xeyli yüksəlcəkdir. Beləliklə, daşınmaz əmlak bazarında aktivlik artacaqdır.
Elçin Zaman,"İki sahil"