RU

Rusiya Ermənistanın qazını kəsməkdən başladı – Tiflis-İrəvan xəttində nə baş verir?..


Fuad İbrahimov: “Baş verənlər Rusiyanın bununla rəsmi İrəvana bir ismarıc göndərməsi anlamına da gələ bilər”

“Qazprom-Armeniya” QSC-nin məlumatına görə, Gürcüstan ərazisində boru kəmərlərinin təmiri ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

“Şimali Qafqaz-Zaqafqaziya magistral qaz kəmərinin Qazax-Saquramo hissəsində təmir-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-dən iyulun 26-a qədər Ermənistana təbii qazın verilməsi dayandırılıb”

Şirkətdən qeyd ediblər ki, bu müddət ərzində daxili ehtiyatlar və İrandan tədarük edilən təbii qazın əlavə həcmləri hesabına Ermənistanda istehlakçıların qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.

Əksəriyyətin fikrincə, bu, Rusiyanın Ermənistana bir təzyiqidir. Yəni çoxlarına görə, Rusiya təbii qazın verlişini iki gün dayandırmaqla Ermənistana siqnal ötürür ki, qarşıda belə hallarla tez-tez rastlaşa bilərsiniz. Nəzərə alsaq ki, Ermənistan Rusiya qazına möhtacdır, bunu sözügedən ölkəyə təzyiq siqnalları kimi qiymətləndirmək də yersiz olmazdı.

“Rusiyanın məntiqə sığmayan davranışlarını nəzərə alsaq, bu niyyət də, əlbəttə, Ermənistana təsir edə bilər”

İqtisadçı ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, burda hansısa ciddi bir problem yoxdur, bu daha çox cari təmirlə əlaqədardır: “Gürcüstan ərazisindən keçən xəttə aparılan cari təmirlə əlaqədar gün yarımlıq qazın verilməsi dayandılıb. Bununla bağlı Ermənistanda hər hansı bir problem yaşanmayacaq, qiymətin bahalaşması nəzərdə tutulmayıb.

Ermənistanda daxili anbarlar vasitəsilə fasiləsiz qazın verilməsi təmin edilir. Eyni zamanda açıqlamada bildirilir ki, təbii qazın müəyyən hissəsi müvəqqəti olaraq İran tərəfindən təmin olunub. İri müddətli fasilə gözlənilmir, tarifin bahalaşmasında problem yoxdur.

Təcrübədən də bir nümunə gətirim ki, müharibədən əvvəl belə problem yaranmışdı və odövrdə müvəqqəti olaraq Rusiya qazı Azərbaycan vasitəsilə Ermənistana çatdırılmışdı. Belə hallar çox olur. Kommunikasiyalardan istifadə edərək bir xətt digərini əvəz edə bilir, yaxud bir istiqamətdə qaz kəsilirsə alternativ variantla o qaz verilir. Sonra dövlətlər özləri öz aralarında o əvəzləmələri həyata keçirirlər. Bu təbii bir haldır və qaz, neft nəqli ilə məşğul olan mütəxəssislər də bilirlər ki, onun əvəzləşdirilməsi sonra rahatlıqla həyata keçirilə bilir. Baş verənlər texniki xarakter daşıyır və mövsümi cari təmirlər zamanı belə hallar olur”-deyə F.İbrahimov qeyd etdi.

Məsələnin siyasi tərəfinə gəlincə, F.İbrahimov qeyd etdi ki, Rusiya bu baxımdan istənilən addımı ata bilər. “Onların bu siyasəti məntiqlə heç bir əndazəyə sığmır, yaxud məntiqlə idarə olunmur. Bəli, baş verənlər Rusiyanın bununla rəsmi İrəvana bir ismarıc göndərməsi anlamına da gələ bilər. İndiki vəziyyətdə Ermənistan Azərbaycanla danışıqlar müstəvisindədir. Eyni zamanda İran faktorunu unutmaq olmaz. Çünki İran-İsrail müharibəsində İran öz mövqeyində Rusiyaya qarşı bir qədər radikal fəlsəfə irəli sürür. Rusiya İrana açıq dəstək vermədi. Bu da öz rolunu oynayır. Bu gün Ermənistan rahatlıqla Rusiya qazını Azərbaycan, yaxud İran əvəzləşdirməsi ilə həyata keçirə bilər. Ancaq yenə də deyirəm, bu gün Rusiyanın məntiqə sığmayan davranışlarını nəzərə alsaq, bu niyyət də, əlbəttə, Ermənistana təsir edə bilər. Ancaq bir məqamı da nəzərə almaq lazımdır ki, hazırda Ermənistanın bir nömrəli ticarət partnyoru Rusiyadır. Bir nömrəli partnyor olmaqlarına baxmayaraq Rusiya ilə Ermənistanın birbaşa sərhədi yoxdur, onları yeganə birləşdirən ərazi Gürcüstan üzərindən keçən Yuxarı Lars qapısıdır. Məsələ burasındadır ki, Yuxarı Lars qapısı da mövsümi problemlərlə üzləşir. Belə ki, qış aylarında ordan iri tutumlu avtomobillərin keçməsində problemlər yaranır. Yayda da kifayət qədər turist avtomobillərinin hərəkəti yenə də avtomobillərin hərəkətində problem yaradır, bir neçə kilometrlik tıxac yaranır. Bu baxımdan düşünürəm ki, Yuxarı Lars qapısı üzərindən Ermənistan nəqliyyatını buraxmamaq Rusiya tərəfindən daha təsirli addım olardı, nəinki bu gün qazla bağlı hansısa bir problem yaratmaq. Çünki qısa zaman kəsiyində təbii qazın verilişi Azərbaycan, yaxud İran üzərindən əvəzləşdirilə bilər. Yəni bu ciddi rıçaq deyil”-deyə F.İbrahimov bildirdi.

İradə SARIYEVA

Избранный
75
baki-xeber.com

1Источники